Deputatlar yenilikləri dəstəklədi
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında parlamentdə həyata keçirilən islahatlar və yeniliklər deputatlar tərəfindən təqdir edilib.
Rakus.az xəbər verir ki, iclasda çıxış edən deputat Arzu Nağıyev Milli Məclisin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, bu sahədə atılan addımların əhəmiyyətini qeyd edərək iyun ayında spiker Sahibə Qafarovanın təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirildiyini xatırladıb. A.Nağıyev bu videokonfransın beynəlxalq fəaliyyətin daha səmərəli həyata keçirilməsi və nümayəndə heyətləri arasında işlərin daha yaxşı qurulması üçün hərtərəfli fikir mübadiləsinin aparılması ilə yadda qaldığını söyləyib.
Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşlərini də təqdir edən Arzu Nağıyev vurğulayıb ki, Milli Məclisin ölkədaxili işlərlə bərabər, beynəlxalq əməkdaşlıq istiqamətində də atdığı bu addımlar böyük əhəmiyyət kəsb edir və təqdirəlayiqdir.
Milli Məclisin deputatı Aydın Hüseynov isə Milli Məclisin iclaslarında tətbiq edilən digər yeniliyi vurğulayıb. O, qeyd edib ki, komitə üzvlərinin də qanun layihələrinin təqdimatında iştirak etməsi çox müsbət haldır. Bu, həm qanunu təqdim edən komitə üzvlərinin fəallığının təşviq olunmasına xidmət edir, həm də deputatların daha geniş auditoriya tərəfindən tanınmasına imkan verir.
Milli Məclisin deputatı Razi Nurullayev də çıxışında altıncı çağırış Milli Məclisin fəaliyyətində yeniliklərdən bəhs edib. O, Milli Məclis iclaslarının aparılması, bütün deputatlara öz sözlərini demək üçün şərait yaradılması, parlamentin ictimai nüfuzunun artırılması istiqamətində görülən işlərə görə Milli Məclis sədrinə minnətdarlıq edib. (Modern.az)