DİA-da dəyirmi masa keçirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycan-Qazaxıstan əlaqələri və regional inteqrasiya” mövzusunda dəyirmi masa keçirilib.
Rakus.az xəbər verir ki, Milli Məclis deputatlarının, professor və müəllimlərin iştirak etdikləri tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişaf mərhələlərindən danışıb. Qeyd olunub ki, iki dost və qardaş ölkə arasında əməkdaşlığın qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyev və Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin müstəsna xidmətləri olub.
Akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyev siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, Azərbaycan- Qazaxıstan münasibətlərinin daha da genişləndiyini söyləyib.
Sonra Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin deputatı Elman Nəsirov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, deputatlar Cavanşir Feyziyev, Aydın Hüseynov, Əflatun Amaşov, Azər Badamov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, politoloq Tofiq Abbasov və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildirərək, Azərbaycan-Qazaxıstan əlaqələrinin əhəmiyyətindən danışıblar.