DK-nın sədri Gürcüstan rəsmiləri ilə görüşdü
Aprelin 2-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşüb.
Rakus.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər ətraflı müzakirə olunub.
Mamuka Baxtadze bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı həyata keçirdiyi layihələrə çox müsbət yanaşır və bu fəaliyyəti yüksək şəkildə dəyərləndirir. Baş nazir M.Baxtadze görüşdə iştirak edən barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşviliyə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə ikitərəfli münasibətləri daha da intensivləşdirmək, çoxsaylı birgə layihələr həyata keçirmək barədə göstəriş verib.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev də iştirak ediblər.
Sonra Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dziquri ilə də görüşüb.
Zviad Dziquri Azərbaycan ilə Gürcüstanın strateji müttəfiq, xalqlarımızın isə dost və qardaş olduqlarını vurğulayaraq, ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitəsinin rəhbəri Beka Odişariya, Gürcüstan parlamentinin azərbaycanlı deputatları Mahir Dərziyev və Azər Süleymanov iştirak ediblər.
Azərbaycan tərəfini isə ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Dövlət Komitəsinin nümayəndələri və digər rəsmi şəxslər təmsil ediblər.
F.Muradov Dövlət Komitəsi sədri kimi ötən ilin yayında ilk dəfə Gürcüstana səfər etdiyini və bu ölkədə yaşayan soydaşlarımızın üzləşdikləri problemləri ətraflı öyrəndiyini diqqətə çatdırıb. O, təhsillə bağlı layihələr hazırlandığıni və aprelin 3-də Gürcüstan azərbaycanlılarının inteqrasiya mərkəzinin açılış mərasiminin keçiriləcəyini deyib. F.Muradov qeyd edib ki, bu mərkəz Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası baxımından Azərbaycan dövlətinin töhfəsi olacaq. Dövlət Komitəsinin sədri bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların pedaqoji, dini təhsil almaları məqsədilə 2019-2020-ci tədris ilində Azərbaycanda kvotalar ayrılıb.
Eyni zamanda, F.Muradov erməni separatçısına Gürcüstanda abidə ucaldılması məsələsinə toxunaraq, bunun ikitərəfli münasibətlərin hazırkı səviyyəsinə uyğun olmadığını vurğulayıb.
Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyini xatırladan Z.Dziquri erməni mətbuatının bu səfərin əleyhinə yazılar dərc etdiyini diqqətə çatdırıb.
Beka Odişariya isə bildirib ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin yeni komandasının fəaliyyətini, həyata keçirdiyi layihələri diqqətlə izləyir və azərbaycanlı həmkarlarının ideyalarından bəhrələnməyi düşünür.
Azər Süleymanov erməni separatçısına Gürcüstanda heykəl qoyulmasının ikitərəfli münasibətlərə kölgə salacağını bildirib.
Mahir Dərziyev isə Azərbaycanda “Soydaş haqqında” qanunun qəbul edilməsinin, Gürcüstanda Azərbaycan, Azərbaycanda gürcü mədəniyyətlərinin tanıdılmasının vacibliyini vurğulayıb.