DK QMİ ilə birgə beynəlxalq tədbirlər keçirəcək
Bu il Dini Qurumlarala İş üzrə Dövlət Komitəsi seminarlar və treninqlər keçirməyi nəzərdə tutub. Eyni zamanda, Komitə qadınlarla iş üzrə tərtib etdiyi proqram əsasında da konfranslar keçirəcək.
Rakus.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Komitə sədri qeyd edib ki, proqrama əsasən bölgələrdə qadınla keçiriləcək görüşlərdə dövlət-din münasibətləri, müxtəlif təmayüllü dinin icmalarla və İslam dini ilə bağlı ətraflı məlumatlar veriləcək.
Bundan başqa, Komitə hər il olduğu kimi, bu ildə gənclərlə bağlı tədbirlər keçirməyi planlaşdırır. Gənclər üçün seminarlar, yay-qış məktəbləri təşkil olunacaq. Tədbirlərdə gənclərə Azərbaycanın tolerantlıq dəyərlərindən və müxtəlif radikal dini təşkilatların yaratdığı təhlükələrdən bəhs olunacaq. Gənclərin siyasi və dini sahədə maarifləndirilməsi işi aparılacaq.
Mübariz Qurbanlı əlavə edib ki, Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə ölkə daxilində və xaricində beynəlxalq tədbirlər keçirəcək. Tədbirlərdə Azərbaycanın dövlət-din modelindən bəhs olunacaq. Eyni zamanda, istər yerli, istərsə də xarici ictimaiyyət Azərbaycan dövlətinin apardığı multikultralizm siyasəti barədə məlumatlandırılacaq.
Komitə sədri qeyd edib ki, Azərbaycan dövlətinin hədəfi dinlər və konfessiyalar arasında münasibətləri daha da gücləndirmək, həmçinin xaricdəki ekstremist, radikal dini qrupların ölkəmizə girməsinin qarşısını almaqdır. (Azərtac)