DMX əcnəbilərə və vətəndaşlara müraciət etdi
Dövlət Miqrasiya Xidməti (DMX) əcnəbilərə və vətəndaşlara müraciət edib.
Rakus.az xəbər verir ki, DMX-dan verilən məlumatda bildirilir ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli tələbləri, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi əsasında 2020-ci il martın 15-dən 20-dək “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırıldığını və Dövlət Miqrasiya Xidmətinin Qəbul şöbələrinin də “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərdiyini nəzərə alaraq aşağıdakılar əcnəbilər və vətəndaşlarıın diqqətinə çatdırılır:
– 2020-ci il martın 15-dən 20-dək “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb. Lakin 15-19 mart tarixlərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə, iş icazəsi, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən əcnəbilər və vətəndaşlar “ASAN xidmət” mərkəzlərindən sənədlərini əldə edə bilərlər;
– 2020-ci il martın 20-28-i Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günləri olduğundan bu tarixlərdə sadalanan müraciətlər üzrə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən şəxslər yalnız zəruri hallarda, Dövlət Miqrasiya Xidmətinin qəbul şöbələrinə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər;
– Əcnəbilərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvafiq yaşama, iş icazələrinin alınması, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam ilə bağlı müraciətlər, o cümlədən hazır sənədlərlə bağlı rüsumların ödənilməsi yalnız elektron qaydada (https://eservice.migration.gov.az) qəbul ediləcək (Əlavə olaraq, Xidmətin rəsmi internet səhifəsində elektron müraciətlərlə bağlı izahlı məlumatlar yerləşdiriləcək). Rüsum vaxtında ödənildikdən sonra hazır sənədin bir müddət götürülməməsi heç bir məsuliyyət yaratmır;
– Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Xidmətin Təlim tədris mərkəzi tərəfindən təşkil olunan Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi ilə bağlı kurslar təxirə salınır (bu barədə əlavə məlumat veriləcək). Kurs ilə bağlı müvafiq metodiki vəsait əldə etmək istəyən əcnəbilər Təlim tədris mərkəzi ilə əlaqə saxlaya bilərlər (012) 566 – 37 – 74 telefon nömrəsi);
Əlavə məlumat üçün fasiləsiz (24/7) fəaliyyət göstərən 919 Çağrı Mərkəzinə zəng etmək olar.