Dörd min könüllü Milli Orduya yazıldı
“Biz hər bir halda vətəndaşlarımıza Azərbaycan Respublikasının qanunvericiliyini bu sahədə izah etmişik, çatdırmışıq ki, zərurət yarandıqda təlimatları olan hərbi vəzifəlilər çağırılaraq müxtəlif hərbi hissələrə göndərilə bilərlər”.
Rakus.az xəbər verir ki, bunu mətbuat konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.
Onun sözlərinə görə, hələ də bir çox şəxslər qeydiyyata alınmamaqla bağlı fikirlər bildirirlər: “Bu, hərbi vəzifəlilər və yaxud digər kateqoriyada olan Azərbaycan vətəndaşlarının hamısı bizdə qeydiyyatda var. Onların təkrar qeydiyyata alınması, sadəcə, qeydiyyata alınmaqdır. Orduya getmək üçün 4 min nəfər qeydiyyatdan keçib.
Prezident İlham Əliyevin tapşırığı və çıxışından sonra bizim xidmətin yerli idarə bölmələrinə gənclərimizin axını başlayıb. Mən göstəriş verdim, onları rəsmi şəkildə qeydiyyata alınmasını həyata keçirdik”.
O vurğulayıb ki, hərbi hissələrin şəxsi heyəti çağırışçılarla komplektləşdirilir. Eyni zamanda, müharibə dövrü üçün bütün hazırlıq işləri həyata keçirilir və bu iş daimi aparılır”.
A.Rəhimov vurğulayıb ki, ordu sıralarından təxris olunan hərbi vəzifəlilər seçilir: “Onlar hərbi ixtisaslarına görə təyinatları üzrə seçilərək, komandalara təyin olunur. Hər hansı hadisə baş verdikdə, səfərbərlik olduqda hərbi hissələrdən daxil olmuş sifarişlər əsasında bu şəxsi heyət hazırlanaraq, toplanış məntəqələrindən həmin hərbi hissələrə göndərilirlər”.