Dövlət Əmək Müfəttişliyi Xidməti 4 407 müraciət araşdırdı
Bu ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 4 407 müraciət araşdırılaraq cavablandırılıb.
Rakus.az xəbər verir ki, nazirliyin məlumatına görə, vətəndaş müraciətləri daha çox, emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrdə əmək münasibətlərinə aid olub.
Müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi (o cümlədən, əmək haqlarının ödənilməməsi, məzuniyyət hüquqlarının pozulması, əmək müqavilələrinin bağlanmaması, yaxud onun şərtlərinin yerinə yetirilməməsi və s.) ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib.
Qeyd edilən hüquq pozuntularının aradan qaldırılması üçün Xidmət tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb. Həmçinin hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.