Neftin qiyməti noyabrda yüksəliş tendensiyasını qorudu – TƏHLİL
Dünya birjalarında neftin qiyməti noyabr ayını artımla tamamlayıb.
Rakus.az xəbər verir ki, aylıq göstəricidə oktyabrda bahalaşmağa başlayan “qara qızıl”ın qiyməti noyabrda da yüksəliş tendensiyasını qoruyub və qiymətlər 60-64 dollar/barrel arasında dəyişib.
ABŞ ilə Çin arasında davam edən qlobal ticarət mübahisəsi il ərzində neftə tələbatı azaldıb. Bu proseslər fonunda “Brent” markalı xam neftin bir barrelinin qiyməti bu il 75 dollardan 56 dollara geriləyib. Belə ki, OPEC və digər qeyri-OPEC neft istehsalçısı ölkələrin (“OPEC plus”) tədarükü azaltmalarına baxmayaraq, ticarət müharibələrinin investisiyaları və bununla əlaqəli tələbi azaltması səbəbindən qiymətlər kəskin şəkildə aşağı düşüb.
Oktyabrda ABŞ-Çin danışıqlarının yenidən başlaması və tərəflərin pozitiv yöndə açıqlamaları neftin qiymətini də dəstəkləyib. Beləliklə “Brent”in qiyməti yenidən 60 dollar/barreli ötüb. Lakin bazarın danışıqlara ehtiyatla yanaşması və konkret qərarlar gözləməsi səbəbindən qiymət də qismən artıb.
“Qara qızıl”ın qiyməti aylıq göstəricidə oktyabrda artmağa başlayıb, bu yüksəliş tendensiyası noyabrda da qorunub və qiymətlər 60-64 dollar/barrel arasında dəyişib. OPEC-in dekabrdakı toplantısından əvvəl “Brent”in qiyməti ardıcıl 4 həftəni qazancla tamamlayıb. Belə ki, neftin qiymətində aprel ayından bəri ən uzunmüddətli həftəlik qazanc qeydə alınıb.
Lakin ekspertlərə görə, OPEC-in qəbul edəcəyi qərar ticarət danışıqlarının kölgəsində qala bilər. Başqa sözlə, ilin son ayında ABŞ və Çin arasında ilkin razılaşma əldə edilərsə və sanksiyalar geri götürülərsə, qlobal bazarda tələbatın da buna paralel artacağı gözlənilir. İnvestisiyaların dəstəyi ilə neftə tələbat artarsa, “Brent”in qiyməti yenidən 70 dollar/barrelə yüksələ bilər. ABŞ və Çin arasında ticarət mübahisəsinin davam etməsi ehtimalı isə qiymətlərə mənfi təsir göstərəcək.
Xatırladaq ki, OPEC hazırkı hasilat səviyyələrinin qorunacağı təqdirdə 2020-ci ildə neft bazarının sabitləşəcəyini gözləyir.
Analitiklərə görə, OPEC və tərəfdaşları neft hasilatının həcmini daha çox azaltmayacaq, lakin istehsal məhdudiyyətləri ilə bağlı sazişin müddətini uzadacaq.
KİV-lər isə OPEC-in neft hasilatının azaldılması üzrə sazişin müddətini daha 3-6 ay uzadacağını nəzərdə tutur.
Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 62 dollardan, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 55 dollardan baha satılır.
Xatırladaq ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.
Ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.