Azərbaycan “Dünya Səyahət Bazarı”nda iştirak edir - FOTO
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 4-6 noyabr tarixlərində Londonda keçirilən “Dünya Səyahət Bazarı” (“World Travel Market”) sərgisində iştirak edir.
Rakus.az xəbər verir ki, Azərbaycan sərgidə 12 turizm şirkəti ilə təmsil olunur. 232 kv. m-lik sahədə turizm brendinə uyğun olaraq yeni dizaynla qurulan stend Azərbaycanın indiyədək hazırlanan ən böyük sərgi stendidir.
Sərgi barədə münasibətini bildirən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bu sərginin dünya turizm bazarında yeni əməkdaşlıq və münasibətlərin qurulmasında mühüm rol oynadığını qeyd edib.
O diqqətə çatıdırıb ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı 32 min nəfər təşkil edib və bu, ötən ilin eyni dövrünə nisbətdə 23.5 % artım deməkdir.
Xatırladaq ki, 2018-ci ildə baş tutan “Dünya Səyahət Bazarı” sərgisində Azərbaycanın yeni turizm brendinin beynəlxalq ictimaiyyət üçün ilk genişmiqyaslı təqdimatı keçirilmişdi.
Son bir il ərzində ötən illə müqayisədə ölkəmizə səfər edənlərin sayında 10.9 % artım müşahidə olunur.
Azərbaycan 2002-ci ildən etibarən “Dünya Səyahət Bazarı” sərgisində iştirak edir.
1980-ci ildən bəri hər il keçirilən sərgiyə 182 ölkədən 5 min sərgiçi və turizm sənayesinin 51 mindən çox nümayəndəsi qatılır.