Dünyada 41 milyon məcburi köçkün var
Hazırda dünyada 41 milyon adam öz ölkəsində məcburi köçkünə çevrilib.
Rakus.az xəbər verir ki, onların çoxu bir sıra Afrika ölkələrində və Suriyada münaqişələr, zorakılıq və daxili gərginlik nəticəsində məcburi köçkünə çevrilib.
Norveç Qaçqın Şurası yaydığı hesabatda bildirir ki, 2018-ci ildə məcburi köçkünlərin sayı bir milyondan çox artıb.
Mərkəz ötən il münaqişələr, zorakılıq və təbii fəlakətlər nəticəsində 28 milyon yeni köçkünlük halı yarandığını bildirir. Bu rəqəmə hər bir köçkünlük hərəkəti, yəni bir nəfərin çoxsaylı hərəkətləri daxildir. Aşırı hava şəraiti nəticəsində 17 milyondan çox məcburi köçkünlük hərəkəti yaşandığı bildirilir.
On bir milyonadək yeni köçkünlük
Mayın 10-da açıqlanan hesabat ölkəsindən didərgin düşmüş qaçqınları deyil, məhz ölkəiçi məcburi köçkünləri nəzərdə tutur.
Münaqişə və zorakılıqlardan dolayı isə 10,8 milyon yeni məcburi köçkünlük halı yaşanıb. Bunlar daha çox Konqo və Suriyada davam edən münaqişələr, Efiopiya, Kamerun, Nigeriyada icmalararası gərginliyin qızışması ilə bağlıdır.
Ötən il İraq, Nigeriya və Suriyada evlərinə qayıtmağa çalışan məcburi köçkünlər əmlaklarını dağılmış, infrastrukturu zədələnmiş, əsas xidmətlərin yoxluğu ilə üzləşiblər.
Bəzi ölkələrə həm münaqişələr, həm də təbii fəlakətlər təsir göstərir. Məsələn, Əfqanıstandakı quraqlıq silahlı münaqişədən daha çox məcburi köçkün yaradır. Nigeriyada isə ölkənin 80 faizinə təsir göstərən daşqınlar münaqişənin yaratdığı durumu daha da pisləşdirib.
Hesabatda daxili məcburi köçkünlüyün getdikcə urban fenomenə çevrildiyi vurğulanır. Suriyanın Dara’a, Yəmənin Hodeyda, Liviyanın Tripoli şəhərlərindəki müharibələr nəticəsində Yaxın Şərqdə məcburi köçkünlərin sayı artıb.