DYP yoxlamaların nəticələrini açıqladı
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində “Atmosfer havasının mühafizəsi haqqında”qanunvericiliyin tələblərinin təmin edilməsi, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitəsinin istismara buraxılmasının qadağan edilməsi ilə bağlı “Təmiz hava” aylığını davam etdirib.
Trend-in məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi (BŞDYP) İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, avqustun 1-dən 15-dək paytaxtın küçə və prospektlərində və 9 müəssisədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində 9 avtonəqliyyat müəssisəsi və avtomibil sexlərində yoxlama aparılıb, 101 avtomobil yoxlanılıb. Həmin avomobillərdən 4-də mühərrikin işlənmiş qazlarından zərərli maddələrin miqdarının normadan artıq olması aşkarlanıb. Yoxlama zamanı həmin avtomobillərdə karbon oksidin miqdarı norma həddinə endirilib və onların istismarına icazə verilib.