Əflatun Amaşov mediaya çağırış etdi
Son günlər Tovuzda baş vermiş dəhşətli faciə – Nərmin Quliyeva olayı ilə əlaqədar mediada və sosial şəbəkələrdə müxtəlif məzmunlu məlumatlar yayılmaqda, fikirlər bildirilməkdə, mülahizələr irəli sürülməkdədir. Heç şübhəsiz, bu qorxunc cinayət əməlinin üstü açılacaq, günahkar və ya günahkarlar layiqli cəzalarını alacaqlar. Amma indiki durumda məni düşündürən olaya münasibətdir. Dediyim kimi, reaksiyalar müxtəlifdir və bu müstəvidə mən də müşahidələrimə əsasən gəldiyim qənaəti bölüşmək istərdim.
Rakus.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun fikrinin son dərəcə vacib olduğunu nəzərə alaraq olduğu kimi təqdim edirik:
“Əvvəla onu bildirim ki, uşaqlarla, yeniyətmələrlə və gənclərlə bağlı faciələrin doğura biləcəyi reaksiya düzgün hesablanmalı, onların insanlara təsirinin tərəfləri yetərincə dəyərləndirilməli, spekulyasiyalar üçün meydan verilməməlidir. Bunu həm əlaqədar dövlət qurumlarının səlahiyyətli şəxsləri, həm də cəmiyyətin informasiya tələbatını ödəmək kimi mühüm ictimai missiya yerinə yetirən media orqanlarımızın təmsilçiləri düşünməlidirlər. Təəssüf ki, 10 yaşlı Nərmin Quliyeva olayına münasibətdə də biz bunun şahidi ola bilmədik…
Hazırkı durumda bəzi media orqanlarının yanaşması hadisənin ictimai əhəmiyyətlilik dərəcəsini diqqətə çatdırmaq istəyi sayıla bilməz. Nəzərə almaq lazımdır ki, burada bir şəxsin və onun yaxın ətrafının zərər çəkməsi ilə yanaşı, müxtəlif media təqdimatlarını izləyən digər cəmiyyət üzvlərinin də mənəvi zərərlə üzləşməsi, sarsıntı keçirməsi kimi həssas məqamlar var.
Nərmin Quliyeva olayı həqiqətən də böyük, misli-bərabəri olmayan faciədir. Təbii ki, cəmiyyətin hadisəyə sərt reaksiyası olmalıdır. Ancaq istənilən cinayət əməlinin cəzalandırılmasında qanunun aliliyi prinsipi mütləq şəkildə nəzərə alınmalıdır. Təbliğat da, ictimai qınaq da məhz bu yöndə qurulmalıdır. Cəmiyyətin dəyərlərindən, milli məfkurəsindən uzaq forma və metodlar gündəmə gətirilməməlidir. Heç bir halda yol verilməməlidir ki, ictimaq qınaq adı ilə qanunçuluğu zədələyən meyllər üstünlük qazansın, şüurlarda möhkəmlənsin. Təəssüflə onu da bildirməliyəm ki, müxtəlif sosial şəbəkə profilləri ilə yanaşı, bəzi media orqanlarımızın Nərmin Quliyeva olayına münasibətdə tutduqları mövqe, mühakimə tərzi nə qanunçuluğa, nə də dəyərlərimizə uyğundur.
Medianın reytinq naminə hər hansı məsələ ilə bağlı spekulyasiyası qətiyyən yolverilməzdir. Mətbuat Şurası olaraq biz dəfələrlə mövcud istiqamətdə tövsiyələr vermiş, belə yanaşmanın cəmiyyət üçün qeyri-məqbul tərəflərini diqqətə çatdırmışıq. Bir daha bildirirəm ki, istənilən hadisənin, o cümlədən uşaqlarla və yeniyetmərlə bağlı faciənin cəmiyyətə çatdırılması işi peşəkar qurulmalı, ona münasibətdə həssas davranılmalı, nəticə etibarilə insanlarda cinayətkarın cəzalandırılmasına münasibətdəki ovqat yalnız qanunçuluğa köklənməlidir”.