Əli Əhmədov : “Radikal müxalifəti xalq tərbiyəli etməlidir” - VİDEO
“O ölkələr siyasi cəhətdən inkişaf edir ki, orada müxalifət ölkənin maraqlarını uca tutur və hər hansı xarici qüvvənin əlində alətə çevrilmir”.
Rakus.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov jurnalistlərə deyib.
O bildirib ki, milli maraqlar daim uca tutulmalıdır. Kim ki bu düzgün yolla addımlayacaq, onlar cəmiyyət tərəfindən müsbət qiymətləndiriləcək:
“İkinci tərəfdən, onlar bu addımları ilə dövlətin mövqeyinin daha da güclənməsinə xidmət göstərmiş olacaqlar. Heydər Əliyev deyirdi ki, kim müxalifətdə olursa olsun, amma xalqa, dövlətə müxalif olmaq olmaz. Bizim də istəyimiz ondan ibarətdir ki, siyasi mövqeyindən, düşüncəsindən asılı olmayaraq hər bir azərbaycanlı ilk növbədə Azərbaycan vətəndaşı olduğunu dərk etsin, milli maraqları qorusun, davranışları ilə xalqa, dövlətə ləkə gətirməsin.
İndiyə qədər müxalifətin bəzi təmsilçiləri ilə əlaqədar söylədiyimiz tənqidi fikirlərin kökündə də bu dayanır. Biz müxalifətçiləri müxalifətçi olduqlarına görə tənqid etmirik, onların içərisində bəzilərini özlərinin və yaxud partiyanın, xidmət etdikləri hansısa dairələrin maraqlarını xalqın maraqlarından üstün tutmalarına görə tənqid edirik. Bundan başqa səbəbimiz yoxdur. Əgər bu yoldan çəkinəcəklərsə, konstruktiv mövqedə olacaqlarsa, iqtidar onlara qarşı hər hansı tənqid işlətməyəcək. Bu düzgün yolda onlara uğurlar arzu edirəm”.
Bildirdi ki, radikal müxalifəti xalq tərbiyəli etməlidir. Çünki onlar xalqdan səs gözləyirlər. Xalqsa, səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir. İstərdim ki, radikal müxalifət “Radikal müxalifət” adını öz üzərindən götürsün. Dünyanın hər bir yerində radikalçılıqdan həm cəmiyyət, həm xalq, həm də dövlət həmişə ziyan çəkib. İstəməzdim ki, Azərbaycanın müxalifətinin hansısa bir hissəsi radikal olsun. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi müxalif dairələr radikallığı ilə bəlkə də fəxr etmək dərəcəsində səhvə yol verir. Radikallıq böyük bir faciə və nöqsandır. Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir
Ə.Əhmədov daha sonra bildirdi ki, xaricdə yaşayan bəzi azərbaycanlıların hakimiyyətlə əməkdaşlıq istiqamətində fikirlərini müsbət qiymətləndiririk. İstərdik ki, ölkəmizin bu və ya digər formada siyasi həyatında iştirak edənlərin hər biri milli maraqlardan çıxış etsinlər.