“Əlinizə düşən müsəlmanı öldürün” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Martın 1-də Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
Rakus.az “Report”a istinadən xəbər verir ki, bugünkü buraxılış Qərbi Azərbaycandan deportasiya olunmuş 91 yaşlı Novruz İsmayılovun həyat hekayəsinə həsr olunub.
O, 1932-ci ildə Göyçə mahalının Basar Keçər (Vardenis) rayonunun Nərimanlı kəndində doğulub, 1988-ci ilin dekabrında ermənilər tərəfindən məcburən deportasiyaya məruz qalıb. N.İsmayılov kəndin ən yaşlı nümayəndəsi kimi, Qərbi Azərbaycanda ata-babalarımızın başına gətirilən müsibətlərdən, ermənilərin törətdiyi faciələrdən danışıb, Göyçə ilə bağlı yaddaşına hopan xatirələrini bölüşüb.
El ağsaqqalı ermənilərin Göyçəyə gəlişindən, tarixi-dini abidələri dağıtmasından bəhs edib, yaşadığı Nərimanlı kəndində daşnakların törətdiyi hadisələrdən, eləcə də şahidi olduğu, üzləşdiyi erməni düşmənçiliyindən danışıb.
N.İsmayılov hər zaman azərbaycanlıların dayağı olan Heydər Əliyevə ermənilərin bəslədiyi kin-küdurətdən söz açıb, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Vətən həsrəti ilə yaşayan insanlarda ümid yaratdığını söyləyib.
Novruz İsmayılovun “Həyat hekayəsi”nə Baku TV-də və telekanalın yutub səhifəsində baxa bilərsiniz.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Verilişə Baku Tv-nin “Youtube” kanalında baxa bilərsiniz.