Elmira Əliyeva haqq dünyasına qovuşdu…
“Jurnalistikaya hədsiz bağlılığı və sədaqəti ilə seçilən, peşə etalonu kimi qəbul etdiyim Elmira Əliyeva bu gün haqq dünyasına qovuşdu”.
Rakus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatın Amaşov “Facebook” səhifəsində yazıb.
O, mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına və dostlarına dərin hüznlə başsağlığı verərək, acılarını, üzüntülərini bölüşüb:
“Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva peşəsinin zirvəsində dayananlardan idi. Onun yoxluğu bütövlükdə media ictimaiyyətimiz üçün ağır itkidir. Hesab edirəm ki, zaman keçdikcə, baş vermiş hadisə və proseslər vətəndaşlıq hüququ qazandıqca bizlər bu itkinin böyüklüyünü daha yaxşı anlayacağıq. Təbii ki, zamanla Elmira Əliyevanın jurnalistika qarşısındakı xidmətləri dərindən öyrəniləcək, tədqiqatlar mövzusuna çevriləcəkdir.
Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. Əmək fəaliyyətinə “Bakinski raboçi” qəzetindən başlayıb. Uzun müddət “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri kimi çalışdıqdan sonra
1987-ci ildə Azərinformda (indiki AZƏRTAC) işləməyə başlayıb. Mənim Elmira xanımla yaxından tanışlığım da məhz bu zaman kəsiyinə təsadüf edib. Jurnalistikanın xüsusiyyətlərini, praktik tərəflərini, həmçinin peşəni sevməyi, məziyyətlərinə qatlaşmağı öyrəndiyim qələm sahiblərindəndir Elmira xanım.
E.Əliyevanın müxtəlif mövzulardakı məqalə və oçerkləri, reportajları nümunə idi. Onun yaradıcılığı həssas müşahidəsindən, iti düşüncəsindən, yüksək istedadından qaynaqlanırdı. Xaraterindəki nəciblik və kübarlıq daşıdığı peşəyə rəng qatırdı. Həmin vaxt mən və mənim kimi gənclər jurnalistikanı Elmira Əliyeva şəxsiyyətinin yaradıcılıq boyalarındakı kimi görməyə başladıq. O bizim üçün məktəb oldu.
Bir daha Elmira xanım Əliyevanın vəfatından kədərlənir, başsağlığı diləklərimi çatdırıram. Onun əziz xatirəsi daim yaddaşımda qalacaqdır.
Allah rəhmət eləsin!”