Elxan Məmmədov AFFA-da struktur islahatını açıqladı
AFFA-nın baş katibi Elxan Məmmədov qurumun növbədənkənar Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün brifinq keçirib.
Rakus.az xəbər verir ki, E.Məmmədov müzakirə olunan məsələlər barədə danışıb, həmçinin yığma barədə suallara cavab verib.
– AFFA-nın vitse-prezidentlərinin sayı 4-ə qaldırılıb. Baş katib kim olacaq, vitse-prezidentlər kim olacaq?
– Daha müasir formada fəaliyyət göstərəcək. Bütün komitələr ləğv olundu. Onsuz da İcraiyyə Komitəsinin addım atmaq hüququ var. Bəzi komitələr heç aktiv deyildi. Fəaliyyətsiz olanları saxlamaq düzgün deyildi. İcraiyyə Komitəsinin üzvlərinin sayı 11-dən 13-ə çatdı. Müxtəlif beynəlxalq təcrübələrə baxaraq üzv sayını artırdıq. Bu, UEFA-da da baş verib. Düşündük ki, 13 nəfərə çatdırmaq daha yaxşıdır. Bununla daha çox ideya, təklif verilə bilər. Addımın daha səmərəli olacağına inanırıq. Vitse-prezident sayı da artırıldı. Əvvəl 2 idisə, indi say 4-ə çatdı. Onlardan biri icraçı-vitse-prezident olacaq. Bu addımı işləri təkmilləşdirmək üçün atdıq. Baş katib vəzifəsi isə olduğu kimi yerində qalır. Bir ay gözləməkdənsə növbədənkənar Konfrans daha münasib idi.
– Yeni vitse-prezidentlər nə vaxt müəyyənləşəcək?
– Yanvarın 28-də Hesabat-Seçki Konfransı keçiriləcək. Namizədlərin adları İcraiyyə Komitəsinə təqdim olunacaq və orada müvafiq qərar qəbul olunacaq.
– Bu dəyişikliklər Azərbaycan futboluna nə verəcək?
– Təbii ki, müsbət haldır. İcraiyyə Komitəsinin üzvlərinin sayı artdıqca, daha çox ideya, daha çox fikir, daha çox işçi qüvvəsi olacaq. Müsbətə doğru addım atmaq fikrindəyik.
– İcraiyyə Komitəsindən ayrılanlar oldu?
– Bu suala hələ cavab verə bilmərəm. Çünki hələ heç nə bilinmir. Hələlik bizə imtina ərizəsi daxil olmayıb. Onsuz da yanvarın 28-də İcraiyyə Komitəsi üzvlərinin hamısının səlahiyyət müddəti bitir.
– Gəzən söhbətlərə görə bütün dəyişiklikləri Elxan Məmmədov özü üçün edir…
– Səlahiyyətlərinə görə Konfransdan sonrakı qurum İcraiyyə Komitəsidir. Belə söhbətlərə çox inanmayın. Prosedur prosedurdur, Nizamnamə Nizamnamədir. Ali olan Konfransdır. Bu keçirilmədən AFFA böyük addımlar ata bilmir. Təbii ki, qurumun rəhbəri prezidentdir.
– Futbolumuzun hazırki durumu ilə bağlı tənqid olunan əsas hədəf kimi buna necə cavab verərdiniz?
– Futbol kütləvi oyundur. Sağlam tənqidə normal yanaşıram. Buna azarkeşlərin, peşəkarların haqqı var. Sağlam tənqid varsa, hər birimiz buna hazır olmalıyıq. İstər məşqçi, istər futbolçu, istərsə funksioner və ya AFFA rəhbərliyi. Futbolun sistemi belədir. Nizamnamədə də tənqidlə bağlı bir şey yox idi. Onsuz da ofsayd sualınızı verdiniz, mən də cavabıandırdım.
– İlk dəfədir ki, İcraiyyə Komitəsinin iclası çox tez bitdi. Demək olar ki, üzvlər daha çox yanvarın 28-dəki seçkini gözləyir? Yoxsa müzakirə üçün mövzu olmadı?
– Nəzərə almalıyıq ki, ötən il dekabrın 13-də İcraiyyə Komitəsinin iclası olub. İlin son iclasının gündəliyincə çox məsələ var idi. Bugünkü iclasın məqsədi Hesabat-Seçki Konfransının vaxtını təyin etmək və yığmanın baş məşqçisi postuna namizədlərə nəzər yetirmək idi. Yəqin ki, komitə bu məsələyə çox etik yanaşdı.
– Azərbaycan yığmasını martın sonunda Malta ilə yoxlama oyunu gözləyir. Həmin matça qədər baş məşqçinin adı bəlli olacaq?
– Ümid edirəm ki, bu məsələ o vaxtadək həllini tapacaq. Maltadan başqa elə həmin ölkədə Latviya ilə də görüşəcəyik. İki görüşün eyni məkanda oynanılmasının daha yaxşı olacağını düşündük. Malta artıq yoxlama oyununu təsdiqləyib. Latviya ilə isə danışıqlar gedir. Ümid edirəm ki, o vaxta qədər baş məşqçi təyinatı rəsmiləşəcək. Türkiyə ilə də matçımız olacaq. Uelslə da danışıqlarımız gedir. Mayın 8-də Bakıya gələcəklər. Düşünürlər ki, bizimlə yoxlama matçı keçirsinlər. Hələlik biz razılıq verməmişik. Amma Uelslə oyunumuzplanlaşdırılır. (apa.az)