Müsahibə 21.08.2019 13:57

Ən böyük qələbəm ailə səadətimdir – Nazim Hüseynov

 

Tarixə adını yazmaq heç də hər insana qismət olmur. Bunu ancaq layiq olanlar bacarırlar. Sevindirici haldır ki, bu gün bütün dünyanın tanıdığı həmvətənlərimiz kifayət qədərdir. Onlar fərqli vaxtlarda, müxtəlif sahələrdə beynəlxalq aləmdə tanınıblar. Belələrindən biri də müstəqil Azərbaycanın ilk Olimpiya çempionu cüdoçu Nazim Hüseynovdur. O, 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsində üçrəngli bayrağımızı dalğalandırdı. İki dəfə (1992-1993-cü illərdə) Avropa çempionu olan Nazim Hüseynov həm də dünya çempionatının gümüş mükafatçısıdır. Tatami ustası 1995-ci ildə Şöhrət ordeninə layiq görülüb. Bu günlərdə 50 illik yubileyini qeyd edən Olimpiya çempionumuz hazırda kişilərdən ibarət milli komandamızın məşqçilərindən biri, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür. Növbəti yaşına qədəm qoyması münasibətilə bir neçə gün əvvəl Olimpiya çempionumuzla görüşüb, həmsöhbət olduq. O, suallarımızı səmimi cavablandırdı.
– Nazim müəllim, bu yaxınlarda 50 yaşınız tamam oldu. Bu illərdə hansı yaddaqalan məqamlarla baş-başa qalmısınız?
– Mənə belə bir ömür bəxş etdiyinə görə Allaha minnətdaram. İyirmi yeddi ildir ki, keçirdiyim hər bir doğum günü mənim üçün daha əziz olur. Sual oluna bilər ki, niyə məhz iyirmi yeddi il? Çünki iyirmi üç yaşım tamam olanda, yəni ad günümdə müstəqil Azərbaycanın ilk Olimpiya çempionu kimi bayrağımızı dalğalandırmışam. Bu, mənim üçün çox böyük fərəhdir. Həyatımda xoş məqamlar yetərincə olub. Əlbəttə, çətinliklərlə də üzləşmişəm. Amma onlara qalib gələ bilmişəm. Bu yaxınlarda uşaqlıq dostlarımızdan, məşq yoldaşlarımızdan biri – Süleyman Məmmədovun vaxtsız vəfatı çoxları kimi, məni də kədərləndirdi. O da idmanı çox sevir, həmişə idmançılara dəstək olurdu. Lakin həyat davam edir. Hər şeyə rəğmən həyatın yaxasından yapışmaq və yaşamağa davam etmək lazımdır.
– Uşaqlıq və yeniyetməlik illərinizi necə xatırlayırsınız?
– Uşaqlıq illərim maraqlı olub. Əvvəl Nizami rayonunda yerləşən 70 saylı məktəb-liseydə, sonra isə Bakıxanov qəsəbəsindəki 61 saylı məktəbdə təhsil almışam. Dördüncü sinifdən etibarən cüdo ilə məşğul olmuşam. Artıq altıncı sinifdə ardıcıl qələbələrin sevincini yaşamışam. Yeddinci sinifdə respublika çempionatında fərqlənmişəm. İndiki cüdo məşqçilərinin əksəriyyəti ilə birlikdə məşq etmişik. Bir qədər çılğın və istiqanlı olduğum üçün adım “davakar uşaq” kimi hallanırdı. Lakin həmişə haqsızlığa qarşı olmuş, əziləni müdafiə etmişəm. Çətin vaxtlar idi. Lakin xoşbəxt idik. Dostlarımızla birlikdə məhəllədə futbol, dama oynayır, fürsət düşəndə güləşirdik. Doxsanıncı illərdə artıq bütün dünyada tanınırdım. Məlumdur ki, Olimpiya çempionu olub, Avropa çempionatının qızıl medalını vətənimizə gətirmişdim.
– Cüdonu sizə bu qədər sevdirən nədir?
– Ümumiyyətlə, uşaqlıqdan bütün güləş idman növlərini sevmişəm. O vaxtlar cüdo ilə bağlı müxtəlif filmlər göstərirdilər. Elə həmin filmlər mənim cüdoya olan marağımı daha da artırdı və bu idman növü ilə məşğul olmağa başladım. Cüdonu digər idman növlərindən fərqləndirən bir çox xüsusiyyətlər var ki, bunlardan ən başlıcası nizam-intizam, səliqə-səhman və təmizlikdir. Məsələn cüdo geyimlərinin ağ rəngdə olması, görüş başlayarkən idmançıların bir-birinə təzim etməsi heç də təsadüfi deyil.
– Qələbələrinizi necə xarakterizə edərdiniz?
– Qalib gəlmək hər şeydən əvvəl xarakterlə bağlıdır. Xarakter nəinki cüdoçu, bütün idmançılar üçün ən vacib amildir. Əgər qalib gəlmək istəyirsənsə, gərək xarakterli olasan, əzmkarlıq göstərəsən, həqiqətən, qələbə istədiyini və buna layiq olduğunu sübut edəsən. Bu, həyatda da belədir. Cüdo isə mənim üçün həyatın bir hissədir.
– Sizcə, peşəkar karyeranızı başqa idman növündə davam etdirsə idiniz, indi qazandığınız titulları qazana bilərdiniz?
– Düşünürəm ki, mümkün idi. Dediyim kimi, bütün qələbələrin sirri xarakterdədir. Məndə həm xarakter, həm də idmana sevgi var. Odur ki, başqa idman növü ilə məşğul olsa idim belə, yenə də öz sözümü deyə bilərdim. Amma şərait və diqqət də öz yerində. Bunu bizdə inkişaf etmiş idman növlərinə aid edirəm.
– Oğlunuz Naim də cüdo ilə məşğuldur. Necə düşürsünüz, o da sizin kimi titullu idmançı ola bilərmi?
– Bəli, oğlum da mənim yolumu davam etdirir. O, respublikada artıq tanınır. Sevindirici haldır ki, məndə olan əzmkarlıq ruhu Naimdə də var. Oğlum da böyük zirvələri fəth etməyə cəhd edir. Sadəcə, zədələr ona bir az mane olur. Lakin onun parlaq gələcəyinə bir valideyn kimi böyük ümid bəsləyirəm.
– Tatamidə qələbələriniz kifayət qədər çoxdur. Bəs həyatda ən böyük “ippon”unuz nədir?
– Mənim həyatda ən böyük qələbəm ailə səadətimdir. Çox xoşbəxtəm ki, belə bir ailəyə sahibəm.
– Bəs həyat heç sizə “Şido” veribmi?
– Haqsızlıqlarla çox üzləşmişəm. Çətin məqamlarım olub. Buna rəğmən mübarizə aparmağı bacarmışam. Ən əsası Tanrının ədalətinə, ilahi qüvvənin hər şeyi yerbəyer edəcəyinə inanmışam.
– İnsanın çətin anlarında çıxış yolu göstərənlər çox, dayaq duranlar az olur. Bu fikirlə razılaşırsınız?
– Tamamilə, razıyam. 1993-cü ildə Avropa çempionu olmağıma baxmayaraq, həmin dövr mənim üçün çox çətin idi. Hətta düşünürdüm ki, idmanı atmağın, tatami ilə vidalaşmağın vaxtıdır. Ancaq həmin anlarda həyat yoldaşım mənə çox böyük mənəvi dəstək oldu. Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra digər bütün idmançılar kimi mənə də xüsusi qayğı ilə yanaşdı. Onun sayəsində müalicə aldım, məni narahat edən problemlərdən yaxa qurtardım. Dediyim kimi, olduqca çətin vaxtlarım olub. Lakin onları düşünmək yox, gələcəyə nikbin baxmaq lazımdır.
– Sizin haqqınızda “İlk qızıl” adlı sənədli film çəkilib. Filmdəki sujetlər həyatınızı tam əks etdirə bilibmi?
– Bu film mənim həyatımın yalnız bir hissəsini əhatə edib. Daha çox Barselonadakı tarixi uğurum və ailə həyatımın bir hissəsi lentə köçürülüb. Amma düşünürəm ki, insan həyatını özündə əks etdirən bir film ərsəyə gətirmək elə də asan deyil. Həyatımız bir filmdi. Biz isə onun qəhrəmanları. Ssenari isə taleyin hökmünə aiddir.
– Asudə vaxtınızı necə keçirirsiniz?
– Asudə vaxtım o qədər də çox olmur. Lakin həmişə ailəmə, övladlarıma vaxt ayırmağa çalışıram. Bəzən də uşaqlıq dostları ilə görüşür, keçmiş günlərimizi xatırlayırıq. Yaş artdıqca insan uşaqlığı üçün daha çox darıxır.
– Çox istədiyiniz amma indiyə kimi reallaşdıra bilmədiyiniz arzunuz varmı?
– Təbii ki, var. Çox istəyirəm ki, adımı daşıyan bir cüdo məktəbi açım. Hazırda yığma komandada çalışdığıma görə, bu işlə məşğul ola bilmirəm. Lakin nə vaxtsa mütləq bir cüdo məktəbi yaradacağam və öz proqramıma uyğun məşqlər keçəcəyəm. Gərək bu idman növü ilə bağlı öz bilik və bacarıqlarımı gənc nəsillə bölüşüm. Əgər qismət olarsa çalışacağam ki, həmin məktəb uşaqlıq illərimi keçirdiyim məhəlləmiz tərəfdə olsun. Həm ona görə ki, mənim uşaqlığım burada keçib, həm də bu ərazidə cüdoya maraq daha çoxdur.
– Sonda “Olimpiya dünyası” qəzetinin kollektivi adından sizi yubiley münasibətilə təbrik edirik.
– Sağ olun ki, siz də daim məni diqqətdə saxlayır, ad günüm münasibətilə təbrik edirsiniz. Buna görə “Olimpiya dünyası”qəzetinin kollektivinə öz təşəkkürümü bildirirəm.
Kənan Novruzov

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO