“Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın” - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Qaraqoyunlu dərəsində heç vaxt erməni olmayıb” adlı veriliş Karvansara rayonunun Salah kənd sakini Səfayə Həsənovanın həyat hekayəsinə həsr olunub.
O, 1947-ci ildə anadan olduğunu, uşaqlıq illərinin çox maraqlı keçdiyini, məktəb illərində meşədən meyvə yığdıqlarını deyib: “Qaraqoyunlu dərəsində ancaq azərbaycanlıların yaşayırdı, erməni yox idi. Oradakı alban kilsəsini ermənilər öz adlarına çıxırdılar. Ancaq üstündəki yazılardan təsdiq etdik ki, bu, alban kilsəsidir. Babam, nənəm deyirdilər ki, 1912-ci ildə bizim camaat Cantəpə yaylağında olanda ermənilər Cəmbərək kəndindən hücum edib, qocanı, qarını, uşağı güllələyiblər. Göyçə tərəfə qaçanı tutub diri-diri Göyçə gölünə suya töküblər. Babamgil Qazax rayonuna qaçıblar. Avqust ayında orada istidən çox adam məhv olub. Babam nənəmi, 2 yaşlı atamı və 4 yaşlı əmimi piyada yenidən Salah kəndinə gətirib. Atamgil 1918-ci ildə araba ilə Türkiyəyə keçmək istəyiblər. Lakin sovet ordusu onları qoymayıb”.

Onun sözlərinə görə, 1988-ci ilin fevralından sonra ermənilər bizə yaxşı münasibət göstərmədilər: “Camaatımız rayona gedə bilmirdi. Rayon rəhbərləri 1988-ci il noyabrın 25-də gəlib dedilər ki, uşaqları, qocaları kənddən çıxardın. Vəziyyət pisdi, Qarabağ Komitəsinin üzvləri deyirlər ki, gedib bütün kəndlərin əhalisini qıracağıq. Üç gün möhlət almışıq. Uşaqları, qocaları təşkil edin, bu gün axşama kimi kənddən çıxardın. Biz də onları çıxarıb Qazax rayonuna göndərdik. Rayon milis rəisinin müavini mənə dedi ki, katib deyir, bunları təmiz çıxardın, ancaq Qaraqoyunlu dərəsinin yuxarıdakı kəndlərdən noyabrın 30-da bir nəfər sağ çıxmayacaq. Yollar, körpülər beton panellərlə kəsiləcək. Mən o vaxt Qazaxda çox çətinliklə Baş nazir Həsən Həsanovla telefonla vəziyyəti izah etdim. Onun səyi ilə Qaraqoyunlu dərəsinə rus hərbçiləri göndərildi və camaat xilas oldu. Biz Qazaxdan Xanlar rayonuna, Gəncəyə, oradan da Bakıya gəldik”.
S.Həsənova Vətənə qayıdışı həsrətlə gözlədiklərini söyləyib: “İstəyimiz odur ki, Qərbi Azərbaycana, öz torpağımıza qaydaşımız təmin olunsun. Dədə-baba qəbirlərimiz, yurdumuz oradadır, gedib oranı ziyarət etməliyik. Oranın həsrətini çəkirik və mütləq qayıdacağıq”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş yanvarın 16-da saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.















