“Ermənilər maddi-mənəvi dəyərlərimizə böyük zərbə vurublar” - VİDEO
Bu gün Baku TV-nin “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi iqtisadçı Asif Muradzadə olub. O, ata-baba yurdu Qarakilsə rayonundan, qayğısız uşaqlıq illərini yaşadığı Ağdü və Şəki kəndlərindən, valideynlərinin ötən əsrin ikinci yarısında Qərbi Azərbaycanı tərk etmə səbəbindən söhbət açıb.
O bildirib ki, atası İmanov Sevindik Murad oğlu Qarakilsə rayonunun Ağdü kəndində, anası İmanova Səmayə Aslan qızı isə Şəki kəndində anadan olub, orada ilk və orta təhsillərini alıblar: “Ali təhsil aldıqları müddətdə Naxçıvanda tanış olub və ailə həyatı qurublar. Sonralar Ağdü kənd orta məktəbində müəllim işləyiblər. Lakin ermənilərin soydaşlarımıza qarşı ayrı-seçkilik, təqib siyasəti vaxtilə müsahibimizin babası Aslan kişini tarixi yurdundan didərgin saldığı kimi, valideynlərini də Ağdünü tərk etmək məcburiyyətində qoyub. Gənc ailə Azərbaycanın Yevlax rayonuna pənah gətirib”.
A.Muradzadə yay aylarında valideynləri ilə birlikdə Ağdü və Şəki kəndlərinə getdiyini dilə gətirib və qeyd edib ki, hər iki kənd uşaqlıq xatirələrində böyük yer tutur.
Müsahib müəllifi olduğu “Ayrılığın sonu varmış” romanından da danışıb: “Romanda daşnakların Azərbaycan xalqının başına gətirdiyi müsibətlər, ermənilərin dövlət səviyyəsində soydaşlarımıza qarşı törətdiyi cinayətlər tarixi mənbələrə, yaşlı insanların söylədiklərinə, həmçinin arxiv materiallarına əsaslanaraq müxtəlif obrazların dili ilə oxuculara çatdırılıb. Ermənilərin maddi-mənəvi dəyərlərimizə böyük zərbə vurması kitabın əsas süjet xəttini təşkil edir. “Ayrılığın sonu varmış” romanı oxucular tərəfindən müsbət qarşılanır”.
1987-1991-ci illərdə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasına toxunan A.Muradzadə deyib ki, o dövrdə başımıza gətirilən müsibətlərin kökündə xalqımızın rəhbərsiz olması dayanıb: “Millətçi ermənilər bundan istifadə edərək soydaşlarımızı ata-baba yurdundan didərgin salıb, Qarabağda separatçılığa yol açıblar”.
A.Muradzadə özünün təşəbbüsü və maliyyəsi hesabına ərsəyə gətirdiyi “Qerbiazerbaycanim.com” saytının fəaliyyətinə də toxunub və bildirib ki, saytda Qərbi Azərbaycanın bütün yaşayış məntəqələri tarixi adlar, əzəli toponimlər ilə qeyd olunur, bu yerlərin əzəli sakinlərinin Azərbaycan türkləri olduğu daha geniş auditoriyaya çatdırılır.
Müsahib saytın hazırlanması prosesində Qərbi azərbaycanlılarla çoxsaylı görüşlər keçirdiyini xatırladıb və vurğulayıb ki, soydaşlarımız tarixi Vətənə qayıtmaq ümidi ilə yaşayırlar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə yanvarın 19-da saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.














