Ermənilərin qolunu qıran millət vəkili – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, Milli Məclisin deputatı Etibar Əliyev müsahibəsində Qərbi Azərbaycan türklərinin XX əsrdə yaşadığı deportasiyalardan, ermənilərin azərbaycanlılara qarşı məkrli, xain planlarından söhbət açıb.
Qərbi Azərbaycanın qardaş Türkiyə ilə sərhədindəki Vedi rayonun Şirazlı kəndində doğulub boya-başa çatan millət vəkili deyib ki, indiki Ermənistanda vaxtilə yaşayan oğuz-türklərinə qarşı daim təhdidlər olub, ermənilər əllərinə imkan düşdükcə onları qətlə yetiriblər.
Onun sözlərinə görə, sövet dövründə Ermənistan rəhbərliyi orada yaşayan azərbaycanlıların təhsil almasına, uğur qazanmasına, müəyyən vəzifələrə təyinat almasına qısqanc yanaşıb.
O, yeniyetmə və gənclik illərində Qərbi Azərbaycanda üzləşdiyi mənəvi, fiziki təzyiqlər barədə danışıb, azərbaycanlıların üzləşdiyi soyqırımı və deportasiya siyasəti ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xarici ölkə alimləri ilə əməkdaşlığın zəruri olduğunu vurğulayıb.
E.Əliyev bildirib ki, hazırda Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycan xalqının bütövlüyünə xidmət edir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Etibar Əliyevlə müsahibə saat 19:30-da Baku TV-də, saat 20:30-da isə YouTube kanalında yayımlanıb.