Ermənistanda böyüyən ziddiyyət: davam edən hökumət-kilsə qarşıdurması – TƏHLİL
Ermənistanda yeni etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Bu dəfə hədəfdə kilsə, onun başçısı ümumerməni katolikosu II Qaragindir.
Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları fevralın 24-də katolikos II Qaraginin istefası tələbi ilə mitinq keçirməyi planlaşdırır. Bildirilib ki, aksiya bu yaxınlarda Ermənistana köçmüş ABŞ vətəndaşı Andranik Dovlatyanın təşəbbüsü ilə keçiriləcək. Bu məqsədlə yeni “Vardanank” (“Şükranlıq”) adlı yeni hərəkat yaradılıb. O, Ermənistan hökumətinin fəal tərəfdarından sayılır. Mətbuatda baş nazir Nikol Paşinyan və hakim “Mülki müqavilə” partiyasının müdafiəsi ilə bağlı yazılar dərc edir. Andranik Dovlatyan Ermənistan vətəndaşlarını II Qaraginə qarşı aksiyaya qoşulmağa çağırıb.
Nikol Paşinyan və komandası hakimiyyətə gələndən, 2018-ci ilin mayından sonra hökumət-kilsə qarşıdurması güclənib. Bu halda suallar yaranır; Ermənistanda dinə inananlar azalıb? Ermənilərin baş keşişi Qaragin dələduzdur? Kilsə-hökumət qarşıdurması nəyə xidmət edir?
İndi Paşinyan islahatları iki istiqamətdə davam etdirməyi planlaşdırır. Birincisi, yeni konstitusiyanın hazırlanması, ikincisi, Eçmiadzin kilsəsində kadr dəyişikliyi, yaxud II Qaraginin istefasına nail olmaqdır.
Konstitusiya ilə bağlı o bildirib ki, dünya dəyişib, ona görə də baş vermiş yeniliklər fonunda Ermənistan konstitusiyasına dəyişikliklər edilməsi kifayət deyil, o, yenidən yazılmalıdır.
Nikol Paşinyan ötən ilin mayında “Baş nazirin kuboku” turnirinin iştirakçıları ilə görüşdə bildirib ki, kilsə dövlətdən üstün ola bilməz: “Ümumerməni Kilsəsi siyasətlə məşğul olmaq istəyirsə, siyasi partiya yaratsın”. Baş nazir vurğulamışdı ki, kilsə ilə dövlətin funksiyalarını qarışdırmaqdan təhlükəli heç nə yoxdur: “Üst-üstə düşən bir çox məsələlərin olmasına baxmayaraq, dövlət və kilsə öz işi ilə məşğul olmalıdır”.
Ermənistanda kilsə ilə hökumət münasibətləri 44 günlük müharibədən sonra daha da kəskinləşib. Onda Qaragin Nikol Paşinyanın istefasını tələb etmişdi. O, kilsə ilə hökumət arasında əməkdaşlığın yetərli olmadığını da vurğulamışdı.
Odur ki, Ermənistanda kilsə ilə hökumət arasında ziddiyyətin də Eçmiadzin dini mərkəzinin Moskva Pravoslav kilsəsi ilə əlaqələrindən qaynaqlandığı da istisna edilmir.
Ehtimal etmək olar ki, bu qarşıdurmanın dini inanca mənfi təsiri azdır. Çünki insanlar dinə II Qaraginə görə etiqad etmir. Bu, bütün dinlərdə belədir. Perspektivdə ümumerməni katolikosuna qarşı cinayət işinin başlayacağını da gözləmək olar. Onun “dövlətə xəyanət”, “külli miqdarda dövlət malını mənimsəmə”, hətta “tutduğu vəzifədən, insanların etibarından sui-istifadə etmə” maddələri ilə ittiham oluna biləcəyini də ehtimal etmək olar. Kilsədə dəyişiklik baş verməzsə, Nikol Paşinyanın islahatlarına çox böyük maneələr olacaq. Çünki II Qaragin prezident deyil. O, daha böyük ictimai-siyasi-dini fiqurdur. Qaragin Ermənistanda “dövlət içində dövlət”in başçısıdır. Qarşıdurmanın kökləri də iki qoçun başının sığmadığı qazandadır.
Belə qənaətə gəlmək olar ki, kilsə artıq Ermənistanın dövlət və ermənilərin milli maraqlarına qarşı fəaliyyət göstərir. Onun da hegemonluğu bura qədər imiş. 2018-ci ildən sonra yaranmış “Yeni Ermənistan, yeni Patriarx” hərəkatı da II Qaragini istefaya göndərdikdən sonra hədəfinə çata bilər.