Elə edək ki, bağımız dağa çevrilməsin və ya təbiət də bizimdir.
Danılmaz bir həqiqətdir ki, Allahın bizə bəxş etdiyi gözəllikləri öz əllərimizlə puç edirik! Biz ətraf mühitin çirklənməsinə şərait yaradaraq, sağlamlığımızı, həyatımızı təhlükə altına alırıq. Çirklənməyə şərait yaradan amillər: sənaye şəhərlərinin inkişaf etməsi və əhalinin artaması ilə əlaqədar olaraq, həmin şəhərlərdə çoxlu miqdarda tullantılar, avtomobillər və digər texniktexnoloji ixtiralardır. Bütün bunlarla belə, biz insanların şüuru olmasına baxmayaraq, bilə-bilə sulara, yollara zibil atırıq. Nəticədə hava , sular çirklənir və onlarda yığılan mikrobları qəbul edirik. Bilirsiniz, nə lazımdır?- Ciddi mübarizə, təbliğat, layihələr… Kifayət qədər yoxdur, insanlardan nə qədəri pis vərdişlərindən uzaqlaşmayıb. Yaşayış binalarının, qapıların çıxışlarındakı zibil yığınları müxtəlif xəstəliklərə səbəb olur. Görəsən, niyə bizim tərtəmiz dünyamız bu cür əzablara məruz qalır? Bildiyimiz kimi, hava, su, torpaq canlı orqanizmlərin yaşaması üçün vacib vasitələrdir. Fəqət çirklənmiş hava xəstəliklərə, hətta, ölümə aparır. Kirli su balıqları, digər dəniz canlılarını yox edir. Çirklənmiş torpaqda da qida məhsulları becərmək mümkünsüz bir hala çevrilir. Mühəndislər, alimlər avtomobillər və fabriklərdən çıxan zərərli tullantıların azalması üçün nəsə edə bilərlər.
Çirklənmə nəticələri, həqiqətən, çox ağır olur-bəşəriyyət, həmçinin təbiətdə var olan heyvanlar, bitkilər biz insanların məhv etdiyi ətraf mühitdə həyatla ölüm arasında mübarizə aparır. Necə mənzərələrin şahidi oluruq bilirsiniz?- Neftə bulaşan quşlar, zəhərlənmiş və dalğaların sahilə atdığı balıqlar… Hesablamalara görə ildə 60 milyard lira (türk pul vahidi) dəyərində 6 milyard kq zibil okeanlara tökülür. Bunların çoxu dəniz həyatı üçün təhlükəli, zəhərli olan plastik məmulatlardır. Digər bir ağır problem səs-küy çirklənməsidir ki, eşitmə itkisinə, təzyiq xəstəliklərinə, yuxu pozğunluğuna və həddindən artıq stress kimi bir çox mənfi hallara yol açır. Amma, əfsuslar olsun ki, çirklənmə o qədər də ciddiyə alnmır. Çünki bu kiçik problem kimi görülür, ya da problem sayılmır! Kaş gələcək özlərinin etinasızlığı nəticəsində gələcəkdə təbiətin, ekologiyanın necə dəyişəcəyini görəydilər…
Ölkəmizdə də ekoloji problemlər, ətraf mühitin qorunması həssas yanaşma tələb edən məsələlərdəndir. Azərbaycanda buna qarşı ciddi mübarizə aparılıb və aparılır… Konstitusiyamızda ətraf mühitin qorunmasına dair prezidentin sərəncamları təsdiq olunub: “Ekoloji cəhətdən dayanıqlı sosial- iqtisadi inkişafa dair”, “Azərbaycan Respublikasında Hidrometrologiyanın İnkişafı proqramı” və digər proqramlarda nəzərdə tutulmuş planlar ardıcıl yerinə yetirilib. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son on illik fəaliyyətinə görə dünyada ikinci yerdə qərarlaşıb. Hazırda ölkəmizdə bu sahədə tədbirlər ciddi şəkildə davam etdirilər.
Məlum məsələdir ki, antropogen fəaliyyət prosesində, çirkləndirici elementlər- bərk, maye, qaz şəkilli maddələr, zərərli radiasiya, səs-küy və digər kimyəvi maddələr vasitəsiylə ekologiya kirlənməyə məruz qalır. Sənayenin inkişafı, fabrik və zavodların artırılması və onların havaya buraxdığı ziyanlı maddələr həm bizim, həm də, digər canlıların sağlamlığına əks təsir göstərir. Cəmiyyətin başlıca vəzifəsi bu kimi halların tədricən ixtisar edilməsi, normal qaydada istifadə, əsasən də təbiətin qorunmasıdır. Bu hallara qarşı aparılan mübarizələr, tədbirlər, layihələr artırılmalıdır, həlli yolları göstərilməlidir və yeni fikirlər irəli sürülməlidir. Nəticədə dünyamız bu qlobal problemdən, təhlükədən qurtular.
İnsan öz ağlı, zəkası ilə hər problemdən xilas ola bilər. Amma, bəzən Allahın bizə verdiyi bu bacarığı əks yöndə istifadə edirik. Belə bir deyim var: “Bağa baxsan bağ olar, baxmazsan dağ olar”. Tam yerinə düşür. İnsanlar ətraf mühitə zərər yetirərək, ekologiyanı çirkləndirərək zibil, kir yığınından böyük bir dağ düzəldirlər. Lakin, ekologiyamıza qayğı ilə yanaşsaq, zəhərli zibil tullantılarını ixtisara salsaq, fabrik, zavod və avtomobillərin emalı sahəsində tənzimli fəaliyyət göstərsək ətraf mühitimizi mühafizə etmiş olarıq. Gəlin, əl-ələ verib ətraf mühiti qoruyaq. Qoruyaq ki, bağımız dağ olmasın…
Zərrintac Məmmədova,
BDU-nun Jurnalistika fakültəsinin II kurs tələbəsi