“Barselona” qələbə qazandı, “Yuventus” xal itirdi - FOTO - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşləri başa çatıb.
Rakus.az xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma keçirilib. “Mançester Yunayted” İngiltərədə İspaniya “Barselona”sını qəbul edib. Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. 12-ci dəqiqədə Luis Suaresin baş zərbəsindən sonra Lük Şouya dəyən top tora daxil olub. Yan xətt hakimi bu epizodda ofsaydın olduğunu iddia etsə də, VAR sisteminə müraciət olunduqdan sonra italiyalı baş hakim Canluka Rokki mərkəzi göstərib. Səfər qələbəsi sayəsində “Barselona” yarımfinala vəsiqə şanslarını yüksəldib.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
10 aprel
23:00 “Mançester Yunayed” (İngiltərə) – “Barselona” (İspaniya) – 0:1
Qol: Lük Şou, 12 (öz qapısına)
Baş hakim: Canluka Rokki (İtaliya)
Mançester. “Old Trafford” stadionu
Gecənin digər matçında “Ayaks” Hollandiyada İtaliya “Yuventus”unu qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 45-ci dəqiqədə qonaq komandadan Kriştianu Ronaldu fərqlənsə də, ikinci hissə başlayan kimi David Neres bərabərlik qolunu vurub. Beləliklə, ikinci oyun günü qonaqlar üçün sərfəli hesablarla başa çatıb. Halbuki, ötən gecə keçirilmiş qarşılaşmalarda meydan sahibləri qələbə qazanıb. İngiltərədə “Tottenhem” “Mançester Siti”ni 1:0, “Liverpul” isə Portuqaliya “Portu”sunu 2:0 hesabı ilə yenib.
Cavab görüşləri 16-17 apreldə keçiriləcək.
23:00. “Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya) – 1:1
Qollar: David Neres, 46 – Kriştianu Ronaldu, 45
Baş hakim: Karlos del Cerro Qrande (İspaniya)
Amsterdam. “Yohan Kroyf Arena”