FHN müsabiqə elan edir
Fövqəladə Hallar Nazirliyinə (FHN) sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan olunur.
Rakus.az FHN-dən verilən məlumata görə xəbər verir ki, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dək, boyu 170 santimetr və yuxarı olan, tam orta, orta ixtisas və müvafiq ali təhsilli, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarla müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Aprelin 16-da saat 09:00-dan etibarən Gəncədə FHN-in Gəncə Regional, Qəbələdə Şimal-qərb Regional, Salyanda Muğan Regional mərkəzlərinin inzibati binalarında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Şirvan, Salyan, Neftçala, Biləsuvar, İmişli, Sabirabad, Saatlı, Hacıqabul rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.
Müsabiqədə iştirak etmək üçün müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsi, hərbi bilet, sağlamlıq haqqında arayış (Forma № 086), vərəm əleyhinə, dəri-zöhrəvi, ruhi əsəb xəstəlikləri və narkoloji dispanserlərdən arayış təqdim etməlidirlər.