Fitrə ehtiyacı olanlara verilməlidir
Fitrə bayram namazına kimi ehtiyacı olanlara verilməlidir.
On bir ayın sultanı hesab edilən Ramazan ayının bitməsinə az qalıb. Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.
Rakus.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.
Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.
Fitrə zəkatını bayram namazına qədər çıxarılması vacibdir. Fitrə zəkatı ehtiyacı olanlara verilməlidir.
Xatırladaq ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən bu il iyunun 5-nə təsadüf edir. Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacaq.