Fransadan qaynaqlanan erməni təxribatı – ortaq qərəzin nümayişi – TƏHLİL
Ermənistan nə istəyir? Son zamanlar rəsmi İrəvanın sülh, ərazi bütövlüyü, sərhədlərin müəyyənləşməsinə, kommunikasiya xətlərinin açılmasına, Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına və başqa məsələlərə dair verdiyi xoşməramlı açıqlamalarla davranışı ziddiyyət təşkil edir.
Ötən həftənin sonunda Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Yaxud iyunun 17-si Ermənistanın bölmələri yenidən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd göstəriblər.
Əslində, Ermənistanın Azərbaycana qarşı sərhədyanı bölgələrdə törətdiyi təxribat və təhrikedici addımlarına dair çoxlu faktlar sadalamaq olar. Ermənilər törətdikləri bu pozuculuq əməllərini ört-basdır etmək məqsədilə ənənəvi olaraq dezinformasiyadan istifadə edir. Məsələn, ötən gün Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, guya Azərbaycan Ordusu “ermənilərin Zod və Arazdəyən istiqamətlərindəki mövqelərini atəşə tutub”. Rəsmi İrəvan bu yalan məlumatları yaymaqla beynəlxalq ictimaiyyətin rəyini Azərbaycana qarşı yönəltməyə səy göstərir.
Fransa Ermənistanın şərti ərazisində Avropa İttifaqının mülki müşahidə missiyasının yerləşdirilməsinə nail olmaqla da “Ermənistanın yanında” olduğunu isbatlayır. Fransa və Ermənistan şərti sərhəddə atəşin açılması ilə bağlı oxşar açıqlamalar verməklə də ortaq qərəz nümayiş etdirirlər. Ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya gedib. Səfərin təfərrüatları, eləcə də görüş və danışıqların qrafiki barədə məlumat yayılmayıb. Bununla belə, bu səfər iki ölkə arasında hərbi və hərbi texniki sahədə əməkdaşlığın güclənməsinə xidmət edəcəyi istisna olunmur. Rəsmi Parisin İrəvanda hərbi attaşeliyi apreldən fəaliyyət göstərəcək. Habelə mətbuatda Fransanın İrəvana 50 zirehli döyüş maşını tədarük etdiyinə dair məlumat yayılıb. Bundan başqa, son vaxtlar Ermənistanla Fransa arasında münasibətlərin hərbi sahədə də gücləndiyi müşahidə olunur.