Gənclər kənarda qalmaq istəmirlər – Əli Əhmədov
Azərbaycan gənclər təşkilatlarının bu gün bütün dünyanı narahat edən dayanıqlı inkişaf üzrə səylərini birləşdirməsi bizi məmnun edir.
Rakus.az xəbər verir ki, bunu Baş Nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan əhalisinin 45 faizi yaşı 30-adək olanlardır. Gənclərin səylərini ortaya qoyması onu göstərir ki, Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər: “Dünyada qlobal iqlim dəyişikliyi, aclıq, qeyri-bərabərsizIik, məşğulluq, əhalinin artması ilə bağlı ortaya çıxan problemləri aradan qaldırmaqla bağlı çox ciddi cağırışlar var. Azərbaycan hökuməti bu məsələyə çiddi yanaşır, dünyanın 2030-cu ilədək dəyişməsi üçün üzərinə düşən işləri yerinə yetirir”.
Onun sözlərinə görə, problemlərin həlli üçün addımların atılması daha çox gənclərin gələcək həyatı ilə bağlıdır: “İşsizlik problemlərinin həlli bilavasitə gənclərin həyatı ilə bağlıdır. Bu baxımdan gənclər qlobal layihənin həyata keçirilməsində maraqlı olmalıdırlar. Onlar 2030-cu ilədək ayrı-ayrı ölkələrin həyatında mühüm rol oynayacaqlar”.
Ə.Əhmədov əlavə edib ki, 2030-cu ilədək bir çox problemlərin həlli üçün səylər göstərilməlidir: “Hazırda dünyada 7,5 milyard insan var. 2030-cu ildə əhalinin sayı 1 milyard nəfər artacaq. Dünya əhalisinin artımının 80 faizindən çoxu Afrika və Asiya qitələrinin payına düşəcək. Əhalinin artımı dünya əhalisinin köç problemini də aktual edir. Bununla yanaşı, iş yerlərinin sayı da buna uyğun olaraq sürətlə artmır. Bu da əlavə problem yaradır”.