İslahatlara fərqli yanaşma – Gəncliyə qarşı təcrübə – DİPLOMAT ŞƏRHİ - FOTO
Azərbaycanda çox ciddi islahatlara start verilib. Açıq görünür ki, islahatların hər bir sahəni əhatə etməsi nəzərdə tutulur. Prioritet istiqamətlərdən biri də kadr islahatlarıdır. Gediş onu göstərir ki, islahatların səmərəliliyi üçün fərqli yanaşma tətbiq edilir.
Yaşları müəyyən həddə çatmış yüksək rütbəli məmurların vəzifədən alınmaları, onların daha gənc və yeni fikirli kadrlarla əvəzlənməsi də bu islahatların tərkib hissəsidir.
Sensasiya axtaran sarı mətbuat isə bu prosesi bir “baby boom” kimi anladı və cəmiyyətə də eyni ölçüdə təqdim etməyə çalışdı. Yüksək və aşağı rütbəli məmurların, Milli Məclis üzvlərinin yaşları araşdırılır, kimin təqaüdə getmə ilə bağlı ərizə yazıb-yazmayacağı qızğın müzakirə edilir….
Nəhayət, oktyabrın son günü yeni təyin olunmuş icra başçılarını qəbul edərkən Prezident İlham Əliyevin “bu proses kampaniya xarakteri almamalıdır”, kimi zəruri bəyanatı belə səriştəsiz və zərərli dedi-qodulara vaxtında verilmiş cavab kimi qiymətləndirilməlidir.
Gənclər özlərini siyasətdə nümayiş etdirməyə çalışırlar, yaşlılar isə özlərini yox, qazandıqları təcrübəni nümayiş etdirirlər.
… 1984-cü il. Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizədlərin sonuncu debatı. Birləşmiş Ştatların tarixində ən yaşlı prezident, respublikaçı, 73 yaşlı Ronald Reyqan ikinci dövr prezidentlik üçün rəqibi, sabiq vitse-prezident 56 yaşlı demokrat Valter Mondeyl ilə birgə suallara cavab verir. Birləşmiş Ştatların jurnalistika tarixində ən hiyləgər sualları ilə tanınan “Baltimore Sun” qəzetinin reportyoru Henry Trewhitt Reyqana sualla müraciət edir: “Bu sualın həm də milli təhlükəsizliyə birbaşa aidiyyati var. Prezident Kennedinin Kuba böhranı dövründə gün ərzində ikicə saat dincəlib yorulmadan işləməsi məlumdur. Siz artıq ən yaşlı Prezident kimi Amerika tarixinə düşmüsünüz. Belə bir vəziyyət yaranarsa, yaş amili Sizə mane olmayacaqmı?” Siyasət patriarxının cavabı belə olur: “Qətiyyən yox, cənab Trewhitt, mən heç vaxt yaş mövzusunu opponentlərimin siyasi təcrübəsizliyini qabartmaq üçün istifadə etməzdim”. Həm respublikaçılar, həm demokratlar cavabı alqışla qarşılayırlar.
Lakin Reyqan bununla kifayətlənmir. O, sözünə davam edir: “Unutmuşam, ya Siseron, ya da Seneka deyib ki, yaşlılar gənclərin səhvini düzəltməsə, dövlət mövcud olmaz.”
Reyqanın bu sözləri alqışla qarşılanır. Mondeyl də özünü saxlaya bilməyib rəqibini alqışlayır. Reyqan qələbəni 50 ştatdan 49-da səs çoxluğu əldə edərək, ümumi səslərin 59%-ni qazanır və ikinci dövr üçün prezident seçilir.
Debatdan sonra məlum oldu ki, nə Siseron, nə də Seneka Reyqanın istinad etdiyi sitatı işlətmişlər. Bu yaranmış hər hansı vəziyyətdən öz xeyrinə yararlanmaq təcrübəsindən irəli gəlirdi. Reyqanı prezident seçilməsi münasibətilə təbrik edən Valter Mondeyl etiraf etmişdi ki, Reyqanın cavabını eşitdiyi an məğlub olduğunu anlayıbmış. Amerikadan söz düşmüşkən, hal- hazırda demokrat partiyasının prezidentliyə ən əsas namizədi Co Baydenin 77 yaşı var.
2018-ci ildə Məhəmməd Mahathır 92 yaşında 15 illik fasilədən sonra yenidən Malayziyanın Baş Naziri seçildi. Bu, Malayziya xalqının təcrübəyə inamının göstəricisi idi. Məhəmməd Mahathır 1981-ci ildən 2003-cü ilədək 22 il Baş Nazir olduğu dövrdə Malayziyanı geridə qalmış bir ölkədən “Asiya iqtisadi pələnginə” qədər inkişaf etdirə bilmişdi.
Məşhur iş adamı və sərmayəçi Uorren Baffet Amerika Birləşmiş Ştatlarında kəsirlərlə işləyən şirkətlərə məsləhətlər verir və bu şirkətlər uğurlu nəticələrə nail olur. Uğurun əsas səbəbi isə Baffetin seçdiyi kadrlardır. Kadrların seçilməsində yaş, irq və gender göstəriciləri nəzərə alınmır. Baffet uğur düsturunu belə izah edir: “İnsanları seçərkən üç faktora fikir verilməlidir: bütövlük, bacarıq və bacarığı tətbiq etmək istəyi. Əgər insanın bütövlüyü yoxdursa, o, bilik və bacarıqlarını əyri istiqamətə yönəldəcək.”
Çox uzağa getdik. Öz yaxın tariximizi yada salaq. 1993-cü ildə Azərbaycan bir dövlət kimi dağılmaq təhlükəsi ilə üzləşdiyi vaxt xalq üzünü ölkənin yeganə xilaskarı kimi Heydər Əliyevə tutdu və bu gün hamımız uğurlu nəticənin-müasir, müstəqil Azərbaycanın canlı şahidləriyik.
Və Ulu öndərin dövlət və dövlətçiliyimiz üçün etdikləri Azərbaycan var olduqca, şükranlıqla xatırlanacaq. Nədən ki, dövlətimizin var olması onun xidmətidir.
Ulu Öndərin xarici missiyaların biri ilə keçirdiyi gərgin bir görüşünü xatırlayıram. Qarşı tərəf otağı tərk edəndən sonra Ulu Öndər diqqətlə baxıb soruşdu: “Sən nə düşünürsən?”
İfadə edə biləcəyim ən aşağı tonda “Bir qədər sərt oldu”-deyə bildim. Ulu Öndər özünə xas qətiyyətlə: “Yadında saxla, siyasətçi “yox” deməyi bacarmalıdır”-dedi.
Həyatın bir çox sahələrində təcrübə əvəzsiz dəyər kəsb edir. Siyasət və elm bu sırada ən öncül yerdədirlər.
Ona görə də əminəm ki, Azərbaycanın ölkə maraqlarına zidd olan anlarda “yox” deməyi bacaran həm gənc, həm təcrübəli peşəkarlarımız var və bizi Ulu öndərin hədəflədiyi daha xoş gələcəyə onlar aparacaq. (Modern.az)
Tahir Kərimov
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi