Gülnar Absalamova: “Karbon emissisiyasını 45% azaldan cihaz ölkəmizə yeni fayda gətirəcək” - FOTO
Gülnar Absalamova “Vascolab” şirkətinin həmtəsisçisi, eyni zamanda, biznesin inkaşafı üzrə məsul şəxsi vəzifəsini icra edir.
“Vascolab” Gülnarın ilk start-up layihəsi deyil. ADPU-nun riyaziyyat xtisasını bitirdikdən sonra Gülnar təhsil sahəsində özünün müşahidə etdiyi bəzi boşluqları aradan qaldırmaq üçün təhsil platforması yaradır. Bu platforma əsasən abituriyentlərə ixtisas seçimi və təhsilin növbəti pillələri ilə bağlı qərarlarında yardımçı olacaqdı.
Daha sonra o, turizm sahəsində start-up layihəsinə başlayır. Artıq bu sahədə müəyyən təcrübə toplayandan sonra Gülnar və komanda yoldaşları qlobal əhəmiyyətli məsələ olan ətraf mühitin mühafizəsi ilə bağlı təşəbbüsünü yeni start-up layihəsinə çevirir. Burada əsas məqsəd vaxtında toplanmayan tullantıların ətraf mühitdə yaratdığı bir sıra mənfi təsirləri aradan qaldırmaq idi.
Layihə müəllifinin sözlərinə görə layihə cihaz təminatı və proqram təminatı olmaqla iki hissədən ibarətdir. Birinci hissədə istehsalı elə Azərbaycanda baş tutmuş cihaz tullantı konteynerlərinə yerləşdirilir. Konteynerlərinin beyni sayılan bu cihaz konteynerlərin dolma səviyyəsi, hər hansı yanğın təhlükəsi və s. ilə bağlı məlumatı layihənin ikinci mərhələsi sayılan proqram təminatına ötürür.
Bu proqram vasitəsilə bələdiyyələr istənilən konteyner haqda cari vəziyyəti asanlıqla görə bilir. Əlavə olaraq vaxt və yanacaq itkisini azaltmaq üçün bu proqram təminatı vasitəsilə konteynerlərə gedən ən optimal yol trayektoriyası müəyyən edilərək sürücülərə öncədən bildirilir. Nəticə etibarilə yaşayış məntəqələrində tullantı qablarının aşıb-daşmasının və bu vəziyyətin ətraf mühit üçün yaratdığı problemlərin qarşısı alınmış olur.
Layihənin nəticələrini rəqəmlə ifadə edən Gülnar qeyd edir ki, bu təşəbbüs bələdiyyələrin logistik xərclərini 60 %-dək, ətraf mühitin əsas problemlərindən olan karbon emissiyasını isə 45 %-dək azaltmağa imkan verir. Bütün bunlar isə ayrı-ayrı ölkə və qurumların dayanıqlı inkişaf məqsədlərinə çatmasına kömək etməklə layihənin məqsədini reallaşdırmış olur.
İki il əvvəl başlanılan bu layihə artıq bir sıra uğurlara imza atıb. Elə başladıqları ildə dünyanın ən yaxşı yaşıl biznes layihəsi olan ClimateLounchpad müasbiqəsi çərçivəsində ölkə üzrə finalçı seçilən Vascolab komandası ölkəni Şotlandiyada təmsil etmə hüququ qazanır. Daha sonra Bəhreyndə keçirilən start-up həftəsində ən yaxşı cihaz təminatı kateqoriyasında ikinci yeri qazanmış Vascolab layihənin pilot versiyasını reallaşdırmaq üçün razılıq əldə edir.
Yerli müsabiqələrdə də uğurla iştirak edən Vascolab AMEA-nın start-up həftəsində ən yaxşı innovativ layihə nominasiyası üzrə birinci yeri qazanır.
BP Azərbaycan şirkətinin təşkilatçılığı ilə həyata keçirilən start-up müasbiqəsində iştirak edərək 300 start-up arasından birinci yeri və Qrand mükafatını qazanmaq Gülnar üçün Azərbaycan daxilində qazanılan ən böyük uğurlardandır.
Gülnar və komandasının uğurları bununla bitmir. Növbəti mərhələdə ABŞ-da keçirilən 6 həftəlik intensiv proqram olan GIST- biznes inkubasiya proqramına qəbul olan Gülnar hesab edir ki, bu proqramda iştirakın həm onun biznesi, həm də şəxsi inkişafı üçün əhəmiyyəti böyük olub.
Gülnar daha sonra cihaz təminatı üzrə dünyanın ən yaxşı akselerasiya proqramı sayılan BRINC akselerasiya proqramına qəbul olaraq bu proqram çərçivəsində ilkin xarici investisiyanı əldə etməyə nail olur.
Vascolab artıq şirkətlərlə əməkdaşlığa da başlayıb. Bunların arasında həm yerli, həm də xarici şirkətlər var. “Made in Azerbaijan” brendi adı altında məhsullarını Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir kimi ölkələrə ixrac edən Gülnar artıq Kanada və ABŞ kimi ölkələrdə olan analoji şirkətlərlə əlaqələr qurmağa başlayıb və ümid edir ki, bu əməkdaşlıqlar layihənin daha geniş yayılmasında ona kömək edəcəkdir.
Gülnarın gənclərə tövsiyəsi də var. O, hesab edir ki, ixtisasınızdan, karyera keçmişinizdən, cəmiyyətin yaratdığı çərçivə və məhdudiyyətlərdən asılı olmayaraq məqsəd və arzularınızın arxasınca gedin və bu yolda bütün potensialınızı ortaya çıxarın. Bu zaman həm məqsədinizə nail olmuş olacaq, həm sevdiyiniz işlə məşğul olacaq, həm də cəmiyyət üçün fayda yarada biləcəkiniz. Nəticə etibarilə daha xoşbəxt fərdlər və daha aydın cəmiyyət üçün öz töhfənizi vermiş olacaqsınız.
Arzu İsmayılova, Education HUB
Qeyd: Yazı “Education HUB”ın “Öyrən..İnkişaf et…tətbiq et” Sosial Sahibkarlıq Proqramı çərçivəsində hazırlanıb.