Gündəlik neft hasilatı 771 min barrel olub
Ötən ilin dekabr ayı üzrə respublikada gündəlik neft hasilatı 771 min barrel olub. Bunun 680 min barrelini xam neft, 91 min barrelini kondensat təşkil edib.
Energetika Nazirliyindən Rakus.az-a bildirilib ki, gündəlik 457 min barrel xam neft, 84 min barrel kondensat, 19,9 min barrel neft məhsulları ixrac olunub.
Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair 2018-ci il 7 dekabr tarixli Razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.
Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.