Hafiz Paşayev ali orden ilə təltif edildi
Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif olunub.
Rakus.az xəbər verir ki, ADA Univesitetindən verilən məlumata görə, “Macarıstan Xidmətlərinə görə Komandor Xaçı”nı Hafiz Paşayevə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi təqdim edib.
ADA Univesitetində keçirilən mərasimdə macar səfiri ölkəsinin prezidenti Yanoş Aderin adından təbrikləri və mükafatı təqdim edərkən vurğulayıb ki, Hafiz Paşayev bu ali ordenə Macarıstan-Azərbaycan əməkdaşlığının strateji səviyyəyə çatdırılması, ölkələrimiz arasında mədəni və elmi sahədə münasibətlərin möhkəmləndirilməsində töhfəsinə görə layiq görülüb.
Mükafata görə təşəkkürünü ifadə edən Hafiz Paşayev bildirib ki, ali ordeni bütün ADA Universiteti adından qəbul edir və bundan sonra iki ölkənin elmi icmasını yaxınlaşdırmaq üçün daha həvəslə səy göstərəcək. O, deyib: “Vacibdir ki, hər iki tərəf üçün mümkün sayda çox tələbə təhsilləndirək ki, gələcəyimiz əmin əllərdə olsun.”
Mərasimdən sonra işçi görüş zamanı səfir Viktor Sederkenyi bu günlərdə Azərbaycana səfər edən Macarıstanın Xarici Siyasət və Ticarət Naziri Piter Siyartonun ADA Universitetindəki çıxışı barədə nazirin yüksək təəssuratı ilə bölüşdü. O, qeyd etdi ki, nazir ADA tələbə və müəllim heyəti qarşısındakı çıxışı və daha sonra dinamik sual-cavab sessiyasını səfərinin yadda qalan hissəsi kimi xatırlayır.
Rektor Hafiz Paşayev səfirlə söhbəti zamanı hələ Sovet İttifaqı dövründə Macarıstana alim kimi etdiyi mübadilə səfərini xatırladı və bildirdi ki, Macarıstan elmi, xüsusilə də nüvə fizikası sahəsi yüksək səviyyəli mütəxəssisləri ilə seçilirdi.
Tərəflər ADA Universitetinin Macarıstanın hazırda üç ali təhsil ocağı ilə imzaladığı əməkdaşlıq anlaşmalarının nəticələrini nəzərdən keçirib, artan sayda tələbə və müəllim heyəti üzvünün mübadilə proqramlarında iştirakını məmnunluqla qeyd etdilər. Vurğulandı ki, ADA Macarıstan universitetlərinə 27 nəfər göndərməklə, qarşı tərəfin 7 tələbəsini mübadilə semestrlərinə qəbul edib. Tərəflər bu rəqəmləri daha da artıracaqlarını bildirilər. ADA Universitetində “Vışeqrad qrupu”nun 25 illik yubileyinin elmi konfransla qeyd edilməsi də əməkdaşlığın uğurlu nəticələrindən biri kimi qeyd olundu.