Hazırda koronavirusun müalicəsi üçün dərman yoxdur – ÜST
“Hazırda koronavirusun müalicəsi üçün dərman vasitəsi yoxdur. Həkimlərin məsləhət bildiyi dərmanlar sadəcə ağrıları azaltmaq üçündür”.
Rakus.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
ÜST rəsmisi bildirib ki, orqanizmə əlavə mikroblar düşdükdə antibiotik istifadəsi mümkün ola bilər: “Bu da yalnız həkimlərin məsləhəti ilə olmalıdır. Ona görə də insanların bütün hallarda antibiotik almaq üçün aptekə getməsi düzgün deyil”.
Onun sözlərinə görə, pandemiyalar adətən virusların heyvanlardan insanlara keçməsi nəticəsində baş verir: “Biz bunu bilirik, amma bu, daha da aydınlaşdırılacaq. COVID-19 virusunun mənşəyinin müəyyən edilməsi zaman aparacaq: “Bu virusun mənşəyinin əldə edilməsi üçün ilk gündən iş aparılır. Ümid edirəm ki, virusun mənşəyi məsələsinə uyğun zamanda aydınlıq gətiriləcək. Təbii ki, bu zaman alacaq. Pandemiyalar hər zaman olub və bundan sonra da olacaq”.
ÜST rəsmisi eyni zamanda bildirib ki, təşkilatın missiyası çərçivəsində əsasən Tərtər və Ağdamda səhiyyə ilə bağlı çatışmazlıq aşkarlanıb: “Bu da gözlənilən idi. Çünki orada şərait o qədər də yaxşı deyildi. Ümid edirəm ki, aidiyyəti qurumlar bununla bağlı öz dəstəyini verəcək”.