Mətbuat 15.06.2020 15:00

“Heydər Əliyevin media dərsləri” kitabının ilk sətrlərini yazmağa başladım” – Əflatun Amaşov

“Ötən il məhz bu gün “Heydər Əliyevin media dərsləri” kitabının ilk sətrlərini yazmağa başladım. İndi bitirmişəm, nəşrə vermək ərəfəsindəyəm”.

Rakus.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov 15 İyun- Milli Qurtuluş Günü açıqladı.

O “Focebook” səhifəsində yazıb:

“İn iki dərsdən ibarət kitabda Ulu Öndərin sovet dönəmində Azərbaycana rəhbərliyi ilə hakimiyyətə ikinci dəfə qayıdışı, ömrünün sonunadək olan mərhələdə jurnalistika, dövri mətbuatla bağlı təmaslarının diqtə etdiyi prinsip və meyarları səciyələndirməyə çalışmışam. O cümlədən “Sovetlər dönəmi Azərbaycan mediası – rəhbər iradəsi, istəyi və qayğısı inkişafın başlıca amili kimi”, “Moskva – iki təzadlı dövr, səbr, iradə dərsləri”, “Blokadalı Naxçıvanda media dərsləri”, həmçinin jurnalistlər üçün vətənpərvərlik, yaradıcılıq, dil, nitq və publisistika dərsləri, “Jurnalistlərə dost olmağın Heydər Əliyev dərsləri” və sair bölmələrlə tanışlığın hər bir həmkarımıza fayda verəcəyi inamındayam.

“Yekun – Xeyr! Bitməyən media dərsləri” bölməsi isə Ulu Öndərin media dərslərinin Prezidentimiz İlham Əliyev tərəfindən yeni çalarlarla zənginləşdirildiyini və davam etdiyini göstərməkdədir.

Bu hələlik qısa xulasədir. Fikir və rəyinizi əminəm ki, kitabı oxuduqdan sonra bildirəcəksiniz.

İndi isə sizləri kitabın günümüzlə səsləşən birinci dərsinin mütaliəsinə dəvət edirəm.

Birinci Dərs

Sovetlər dönəmi Azərbaycan mediası – rəhbər istəyi, iradəsi və qayğısı inkişafın başlıca amili kimi

“Keçmişdə, Sovet hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının liderləri içərisində başqalarına nisbətən mətbuatla ən yaxın olan adam mən olmuşam. Ən dost olan adam mən olmuşam. Bu, mənim xarakterimdədir, xasiyyətimdədir. Mən həmişə mətbuatla maraqlanmışam, qəzet-jurnalları oxumuşam, radio-televiziyada verilən məlumatlara həmişə diqqətlə yanaşmışam. Ona görə də jurnalistika sənəti mənə çox yaxın olubdur”.

Heydər Əliyev,
Ümummilli Lider

Əziz həmkar, konkretlik, mövzu və mətnlə səsləşmə, lakoniklik, oxucu diqqətini çəkmə jurnalistikada sərlövhələrə verilən əsas tələblərdir. Bu barədə bizlərə xüsusi dərslər, seminarlar keçirilib. Praktikada redaktorun yazımızın başlığının üstündən xətt çəkdiyi, dəyişdirməyi tələb etdiyi məqamlarla da üzləşmişik. Məqsədə nail olmaq üçün ümumi qaydalardan kənara çıxmağı heç kəs bizə qadağan etməyib. Əsas məsələ oxucu gözləntisinə adekvat cavab olub.

Mübahisələrdən, uzun-uzadı müzakirələrdənsə, sovet mətbuatını azı 30-40 il vərəqləmiş həssas oxucuların, alim və ziyalıların, ekspertlərin, kütləvi informasiya vasitələri ilə aktiv əməkdaşlıq etmiş jurnalistlərimizin Azərbaycan mediasının o dövrdəki inkişafında rəhbər baxışının, qayğısının həlledici amil, şərt olduğu barədə xatirələrinə, müqayisələrinə üz tutmaq yetərlidir.

Formasiyalar, ideoloji təməllər cəmiyyətdə hər zaman ictimai-siyasi şüuru formalaşdıran katalizator funksiyasını yerinə yetirib. İctimai quruluş var ki, qapıları azad sözün, fikrin, düşüncənin, sərbəst polemikanın üzünə taybatay açıqdır. İstedad, qabiliyyət, işgüzarlıq orada özünütəsdiqin başlıca meyarıdır. Adına demokratik cəmiyyət deyirlər. Quruluş da var onun ideoloji buxovları, sərt qayda-qanunları, qadağaları mütərəqqi nə varsa əksərinə dözümsüz yanaşır, az qala bütövlükdə cəmiyyətin əl-qolunu bağlayır, təşəbbüskarlığı beşiyindəcə boğur. Ünvanına “totalitar”, “qeyri-demokratik” ifadələrinin işlədilməsi dəbdədir.

Azərbaycan xalqı son yüz ilin yaşantılarından hər iki formasiyanın ümumi və fərqli cəhətlərinə əyani bələddir. Çar Rusiyasının müstəmləkəsi, SSRİ-nin tərkibində olmuş ölkə növbəti dəfə müstəqilliyə qovuşanadək iki əsrə yaxın məşəqqətli məsafə qət edib.

Həyati proseslərə dinamik hərəkət, inkişaf prizmasından yanaşan demokratiyanın qanunları Vətənimizdən də yan keçməyib. İki müxtəlif mərhələnin yaşantılarına istinadən deyə bilərik ki, tarixdə şəxsiyyətlərin rolu barədə deyilənlər Azərbaycanda da özünü doğruldub.

Azərbaycan KP MK-nın 14 iyul 1969-cu il plenumundan sonra ölkəyə rəhbərlik edən görkəmli şəxsiyyətin – Heydər Əliyevin xilaskarlığını, dahiliyini dilə gətirmək üçün xalq istiqlal uğrunda mücadilə, azad, müstəqil dövlətin qurulması, möhkəmləndirilməsi, qurtuluş və dirçəliş mərhələlərindən keçməli olmuşdur.

İyul plenumundan sonra SSRİ-də partiya və sovet funksionerlərinə kütləvi informasiya vasitələri ilə necə işləməyin yollarını təlqin edəcək Heydər Əliyevin media dərslərinin ilkin sətirləri yazılacaqdı. Respublikada çoxsaylı çatışmazlığın, nöqsanların, problemlərin olmasına baxmayaraq, Azərbaycan KP MK-nın 10 il birinci katibi işləmiş Vəli Axundovun barəsində nə Moskva, nə də Bakı cəza xarakterli qərar çıxarmadı. Əksinə, bir gün əvvəl səhhətində yaranan problemlə əlaqədar vəzifəsindən azad olunan V.Axundov qətiyyən mütəəssir deyildi, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilən tibb elmləri doktoru tribunaya qalxaraq dedi:

– Yoldaş Əliyev Azərbaycan KP MK-nın birinci katibi olmaq üçün bütün siyasi və işgüzar keyfiyyətlərə malikdir. O, kifayət qədər savadlı, erudisiyalıdır, qısa zaman ərzində böyük həcmli işlərə öyrəşmək üçün yetərincə hazırlıqlıdır. Bir kommunist kimi saf əqidəli, obyektivdir. Bütün bunlarsa onun kadrlara düzgün və obyektiv yanaşmasına imkan verəcək. İndiki vəziyyəti və keçmişimizi nəzərə alsaq, deyə bilərik ki, kadr məsələləri ən əhəmiyyətli məsələdir. Biz Heydər Əliyevi təmiz, saf əqidəli kommunist kimi tanıyırıq.

Sabiq birinci katib ömrünün sonunadək asudə yaşadı, elmi işlə məşğul oldu, yığıncaqlarda, mətbuatda tənqid hədəfinə çevrilmədi, ona bəslənilən sayğıdan daim məmnunluqla söhbət açdı. Bu və indi-indi üzə çıxan digər misallar göstərirdi ki, Naxçıvanda sadə dəmiryolçu Əlirza kişinin halal çörəyi ilə boya-başa çatan, sovet ideologiyasının hakim olduğu mühitdə təhsil alan, yetişən, bütün vəzifələrin öhdəsindən ləyaqətlə gələn Heydər Əliyev milli əxlaq və düşüncə tərzimizin sadiq daşıyıcılarındandır: “Taleyimdəki bu dəyişiklik mənə öz xalqıma, millətimə daha çox, daha yaxşı xidmət göstərməyim üçün şərait yaratdı”.

Yeni birinci katibə yanaşmada Moskvanın və xalqın baxışları heç də bütövlükdə üstə-üstə düşmürdü. İttifaq rəhbərləri əmin idilər ki, Respublika Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə, general-mayor rütbəsinə yüksələnədək prinsipiallığı, bacarığı, təşkilatçılığı, idarəetmə qabiliyyəti ilə başqalarına nümunə olan gənc rəhbər etimadı doğrultmaq üçün kifayət qədər potensiala malikdir.

Azərbaycan deyiləndə yalnız neft Bakısı kimi təsəvvürə gətirilən bir məmləkətin iqtisadi mənzərəsi kökündən dəyişilməliydi. Minlərlə əmək qabiliyyətli insanın işlə təminatı üçün sənayedə, kənd təsərrüfatında, tikintidə, nəqliyyatda… köklü islahatlar reallaşdırılmalı, respublikanın mədəni-maarif sistemi və başqa sahələrində diqqəti çəkəcək yeniliklərə imza atılmalıydı. 1969-1982-ci illərin yekun nəticələri Heydər Əliyev Moskvaya aparılana – Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilənədək, Azərbaycanın və onun liderinin ünvanına səslənən fikirlər göstərdi ki, ittifaq rəhbərliyi seçimindən məmnundur. Xalq isə ona görə özünü xoşbəxt sayırdı ki, bu illədə görmədiyi günlərə qovuşmuşdu. İttifaq əhəmiyyətli sənaye müəssisələrinin ilbəil sürətlə artımı, kənddə bütün sahələrdə istehsalın yüksəlişinin şəhərə əhali axınının qarşısını köklü sürətdə alması, paytaxtla bərabər əyalət mərkəzlərinin simasının nəzəçarpacaq dərəcədə dəyişməsi, qırmızı bayraqlar, orden, medallar, yeni ali və orta ixtisas təhsili müəssisələrinin, mədəniyyət ocaqlarının açılışı, səhiyyə və digər sahələrdəki… uğurlar xalqın gözləntilərinə adekvat cavablar idi.

Kütləvi informasiya vasitələrini, jurnalistləri, ədəbi mühit təmsilçilərini ona görə yekunda vurğuladıq ki, həyat qaynayanda yaradıcı sahələr də özünə gəlir, onlar dedi-qodulara baş qoşmaqdansa, müsbət proseslərdə iştirakı üstün tuturlar. Yaradıcı ziyalılarımız, onun avanqardı sayılan jurnalistlərimiz, şair və yazıçılarımız qısa vaxtda müdrik, uzaqgörən, hərtərəfli hazırlığa malik qorxmaz və cəsarətli dövlət xadiminin ətrafında birləşdilər, dövrün salnaməsini qələmə almaqla rəhbərə dəstək oldular. Hər işi vaxtında, qüsursuz görməyi üstün tutan Heydər Əliyevin DTK sədri olarkən tətbiq etməyə başladığı mexanizmlər onun idarəçilik həyatının yeni mərhələsində də özünü doğrultdu. Azərbaycan ittifaq miqyaslı yeganə respublika idi ki, rəhbərliyi ideoloji səhvlərlə əlaqədar çək-çevirə salınmadı.

Tədricilik dərslərinin nəticələri idi ki, Heydər Əliyevin ötən əsrin 60-cı illərində repressiyalardan qoruduğu Bəxtiyar Vahabzadələr, Xəlil Rzalar… xalqın azadlıq nəğməkarı kimi şöhrət qazandılar. Cənub mövzusunun qadağan edildiyi şəraitdə xalq şairləri Balaş Azəroğlunun, Söhrab Tahirin Vətən vüsallı şeirləri mətbuat səhifələrini bəzədi. Kino sənətimizin milli psixologiyamızın mübariz ruhunu təbliğ edən bədii və ekran əsərləri ictimaiyyətin mühakiməsinə verildi. Hüseyn Cavidin nəşi dahi şairin Vətəninə gətirildi, Azərbaycan Xalq Cumhuriyyəti qurucularına yanlış yanaşmanın aradan qaldırılması sahəsində əməli tədbirlərə başlanıldı…

Misallara burada nöqtə qoyaraq, diqqətinizi Heylər Əliyevin sovet dönəmindəki media dərslərinə yönəltmək istərdik. O dövrün mətbuatı faktiki surətdə 4 yerə bölünürdü: ümumittifaq, respublika, rayon, sahə qəzet və jurnalları. Mətbu orqanların 90 faizə yaxını paytaxtlarda cəmləşirdi. Eyni bölgü Azərbaycana da xarakterik idi. İdeoloyi sistem “müstəqil” ifadəsini arxa plana keçirmişdi. Təsisçilik hüququ partiya və sovet orqanlarına, onların, yaxud dövlətin maraqlarını təmsil edən qurumlara verilirdi. Şərait istər-istəməz müstəqil orqan ifadəsinin üstündən xətt çəkirdi. Senzuranın tələbləri hər hansı respublika üçün güzəştləri, istisnaları nəzərdə tutmurdu. Əhali əsasən ittifaq qəzet və jurnallarını oxumağa, televiziya verilişlərinə baxmağa, radiolara qulaq asmağa üstünlük verirdi. Bu KİV-lərdə ara-sıra gedən materiallar bəzən elə təsəvvür yaradırdı ki, ümumi qaydaların həmin media orqanlarının baş redaktorlarına, yazı müəlliflərinə aidiyyatı nisbidir.

Müttəfiq respublikalara gəldikdə, sovet ideoloji sisteminin qadağaları Baltikyanı ölkələrdən də yan keçməmişdi. Fəqət həmin respublikaların rəhbərliyi əhalinin baxışlarını nəzərdən qaçırmırdı, qadağalar məngənəsi demək olar, təsirini itirməkdə idi. Ukrayna, Belarus, Gürcüstan mediasında sərbəstliyə meyl getdikcə artırdı.

Azərbaycan KİV-lərini acınacaqlı durumda olan Orta Asiya respublikalarının mediasının gününə sala biləcək proses gedirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi mediamızı tragikomik vəziyyətdən xilas etdi. Cəmi bir-iki il sonra Azərbaycan mediası mərkəzdən tutmuş əyalətədək demək olar, məzmunca xeyli zənginləşdi. Tirajlar kütləvi surətdə artdı, abunələr çoxaldı, satış köşkləri önündə hər səhər növbələr sıxlaşmağa başladı.

Azərbaycanda ötən əsrin 70-ci illərində elə bir ali məktəb, ittifaq əhəmiyyətli müəssisə tapılmazdı ki, çoxtirajlı qəzeti çıxmasın. Hər hansı yeni rayonun yaranması barədə sərəncamlardan bir həftə keçməmiş, partiya və icrayə komitələrinin mətbu orqanı təsis olunurdu.

İttifaq rəhbərliyinin ölkədə rüşvətxorluq olmadığı barədə iddiaları medianın bu mövzunu qabartmasını yasaqlamışdı. Amma respublikada vəzifəsindən sui-istifadəyə, rüşvət aldığına və başqa əlaqələrə görə nazir, raykom katibi, başqaları işdən çıxarılır, görülən tədbirlər qəzetlərin, jurnalistlərin mövzunu işıqlandırmalarına əsaslar verirdi. Heydər Əliyev fəaliyyətə Azərbaycanda mənfi halların tənqidi ilə başlamaqla, məruzələr etməklə mətbuatın, jurnalistlərin üzərindən qorxu xofunu götürdü.

“Bizim o vaxtkı müxbirlərin həqiqətən çoxu həyatımızın bu mənfi cəhətlərini yazmaq istəyirdilər, amma əlbəttə, hakimiyyətdən qorxurdular. Hakimiyyət isə onlara bir az kömək edəndə, ilham verəndə, necə deyərlər, tərəfdar olanda bunlar daha da çox hərəkət etməyə başladılar”. Heydər Əliyev “Literaturnaya qazeta”ya müsahibəsində rəhbər qətiyyətinin, qayğısının jurnalist üçün necə önəmli olduğu barədə fikrini belə davam etdirirdi:

“Yenə deyirəm, o vaxt bütün bunlar iqtidarın, necə deyərlər, münasibətindən asılı idi. Amma elə respublikalar var idi ki, orada belə şeylərə yol vermirdilər. Xatirimdədir, bizim “Bakinski raboçi” qəzetini Yerevanda, Tbilisidə 25 manata satırdılar, amma öz qiyməti 2 qəpik idi. Onu niyə belə alırdılar? Çünki həmin respublikalarda belə proseslər var idi. Amma orada belə proseslərin üstünü bağlayırdılar, açılmağa qoymurdular. “Bakinski raboçi” qəzetini orada oxuyurdular, o buna, bu ona verirdi. Hətta yadımdadır, Yerevanda elə raykom katibləri var idi ki, bu fikirləri dəyərləndirirdilər, onlar deyirdilər ki, bir qəzet 50 əldən keçir, sonra cırılır”.

Heydər Əliyev sovet dövründə cəmiyyət üzvlərinin kollektiv təbliğatçı, təşkilatçı funksiyasını daşıyan mətbuata, mətbu sözə dərin inamını əsas götürərək formatından, tirajından, nüfuz dairəsindən asılı olmayaraq, hər bir KİV-in imkanlarından qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində, neqativ hallara qarşı mübarizənin aparılmasında maksimum yararlanmağın yollarını öyrədirdi.

Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci mərhələsində kimsə deyəndə ki, xəbəri “Kommunist” qəzetindən oxumuşam, doğruluğunu şübhə altına alan tapılmazdı. Bu o demək idi ki, nəşrin redaktoru yuxarı səviyyəli tədbirlərə, buro iclaslarına, Mərkəzi Komitənin yığıncaqlarına danlanmaq, təzyiqlərə məruz qalmaq üçün deyil, qarşıda duran vəzifələrin icrasına mətbu sözü səfərbər etmək üçün dəvət olunur. Qorxu xofunun aradan qaldırılması, sərbəst müşahidələr yaradıcılıq potensialına güc verirdi.

Heydər Əliyevin tribunalardan o zamanlar ölkənin bir nömrəli qəzeti sayılan “Kommunist”in öncüllüyü üzərinə götürməsinə istiqamətlənən diqqət və qayğısı tarixi ənənələrə, varis-irs münasibətlərinə baxışlarından qaynaqlanırdı. O, dövrünün vacib ideyalarının əsas təbliğçısı olmuş qəzetin 50 illik yubileyində mətbu nəşrə rəhbərlik etmiş Nəriman Nərimanovun, Ruhulla Axundovun, Əliheydər Qarayevin, Həbib Cəbiyevin, Dadaş Bünyadzadənin, Qəzənfər Musabəyovun, Həmid Sultanovun, Səmədağa Ağamalıoğlunun, Ağababa Yusifzadənin, Böyükağa Talıblının, Sultanməcid Əfəndiyevin və başqalarının adlarının minnətdarlıq hissi ilə qeyd edildiyini deyir.

Yubiley Ulu Öndərin Azərbaycana rəhbərliyinin ikinci ilində qeyd olunur. Rəhbər Mərkəzi Komitənin orqanının yubileyini bütövlükdə Azərbaycan mətbuatının bayramı olan böyük hadisə adlandırır.

Mətbuatın “dördüncü hakimiyyət” funksiyasını hələ bütün komponentləri ilə yerinə yetirmədiyi və ya məlum səbəblərdən yerinə yetirə bilmədiyi sovet dönəmində Heydər Əliyev ona yeni həyat vermək, işini canlandırmaq, funksiyasını artırmaq üçün xeyli işlər gördü. “Kommunist”in yarım əsrlik yubileyi ilə bağlı çıxışında “mətbuat sözü böyük qüvvədir, böyük işdir” – deməklə qəzetin müasir funksiyasını dəqiq müəyyənləşdirdi. Ümummilli Lider qəzet kollektivinə təbrikində onun keçdiyi yola işıq tutulur: “…Kollektiv təşviqatçı” və “kollektiv təbliğatçı” kimi öz alovlu sözü ilə “Kommunist” qəzeti Azərbaycan xalqını viranəliyə qarşı, neft mədənlərinin, zavod və fabriklərin bərpası uğrunda mübarizəyə, texniki və mədəni inqilaba qaldırdı. Azərbaycan fəhləsi və kəndlisi üçün “Kommunist” qəzeti əsl məktəb olmuşdu”.

Yubileylər, təltiflər, saysız qayğı nümunələri, mətbu məsuliyyəti arxa plana atmırdı. Hər mətbu orqan, hər bir jurnalist sözünün, yazdığının ağası olmalıydı. Tirajı qısa müddətdə 600 minə çatan nəşrin isə başqa KİV-lərə nümunə göstərməsi peşə borcu idi. Mətbu orqanın yayımladığı məlumatları, müxtəlif səpkili yazıları bütün Azərbaycan oxuyurdu. Mətbu sözə, qəzetçi məsuliyyətinə böyük diqqət yetirən Heydər Əliyev hər sözün işlənmə məqamına, çəkisinə, məsuliyyətinə dərindən fikir verirdi. Tanınmış jurnalist Telman Əliyevin xatirələrindən götürülmüş sətirləri Heydər Əliyevin sovet dövrünün media dərslərinə aid etmək mümkündür. T.Əliyev xatirələrində yazır:

“Hər dəfə keçirilən müşavirədən sonra Heydər Əliyev çay süfrəsi arxasında ziyalılarla söhbət edir, respublikada tanınan adamların rəyini öyrənməyə çalışırdı. Belə söhbətlərin birində qəzetimizə yenicə redaktor təyin edilmiş Rəşid Mahmudovu sorğu-suala tutdu. Məsələ burasında idi ki, qəzetin həmin gün çıxan nömrəsi Heydər Əliyevin səfərinə həsr edilmişdi. Birinci səhifənin başında iri həriflərlə yazılan “Bir milyon ton Azərbaycan pambığı uğrunda!” sözləri Heydər Əliyevin diqqətindən yayınmamışdı. Redaktordan soruşdu ki, həmin rəqəm haradan götürülüb, hansı rəsmi sənəddə oxuyub?

Rəşid Mahmudov vəziyyətdən çıxmaq üçün respublikada gedən quruculuq işlərindən danışdı, həyata keçirilən mühüm tədbirləri yada saldı. Cavabdan razı qalmayan Heydər Əliyev ciddi şəkildə bildirdi: “Bizim rəsmi öhdəliyimiz var. Doğrudur, pambıqçılarımız bir milyon ton məhsul uğrunda mübarizə aparırlar. Yaxşı bilirsiniz ki, kənd təsərrüfatında qarşıya qoyulan məqsədlərə çatmaq üçün hava şəraiti həlledici amil hesab olunur. Olmadı elə, oldu belə. Yadda saxlayın, sizin taleyiniz həmin rəqəmin reallaşmasından asılı olacaq”.

Xoşbəxtlikdən həmin il qəzetimizin yazdığı kimi, Azərbaycan bir milyon tondan çox pambıq istehsal etdi. Buna hamıdan çox sevinən, bəlkə də Rəşid Mahmudov oldu…”

Altı il əvvəl əməkdar jurnalist Əhməd İsayev Ali Media Mükafatının ona təqdim olunması üçün Azərbaycan Mətbuat Şurasına gəlmişdi. Söhbət onun ötən əsrin 70-ci illərində böyük hay-küy doğuran yazılarının birindən düşdü. Əhməd müəllim xatırladı ki, “Kazımovun imarəti” sərlövhəli tənqidi məqalədə Gəncə Şəhər Partiya Komitəsi funksionerinin qudurğan hərəkətləri ifşa olunurdu. Yazı 1971-ci il yanvarın 15-16-da qəzetdə çıxdı. Azərbaycan, rus, erməni dillərində. Sən demə, redaktorumuz Ağababa Rzayev məsləhət üçün məktubu ölkə başçısı Heydər Əliyevə aparıbmış. O da göstəriş verib ki, bu qəzetlərdə çap olunsun.

Düzü, bu mənim üçün çox gözlənilməz oldu. Onda cəmi otuz yaşım var idi. Bərkdən-boşdaş yeni çıxırdım. Və anladım ki, hər mövzuya, hər fakta necə məsuliyyətlə yanaşmaq lazımdır. Tanınmış jurnalist etiraf etdi ki, bu onun üçün jurnalistikada ilk həyat dərsi idi.

Heydər Əliyevin o dövrdəki media dərslərinin yaratdığı yeniliklərdən biri də Mərkəzi Komitə aparatında başlanmış partiya-sovet orqanlarının bütün pillələrində mətbu çıxışlara münasibətin kökündən dəyişməsi idi. Hamı bilirdi ki, KİV-lərin tənqidi yazılarına laqeyd, qaba yanaşma gec-tez cəzalanmaya səbəb olacaq. Səhər tezdən qəzetlər vərəqlənir, qeydlər aparılır, müvafiq şöbələrə məlumatlar, tapşırıqlar verilir, görüləcək inzibati tədbirlər nəzarətə götürülürdü. Rayon partiya komitələrində mərkəzdən zəngləri gözləmədən təcili tədbirlər görülürdü.

Mənim sovet dönəmində Salyanda birinci katib işləmiş Sosialist Əməyi Qəhramanı Nadir Abbasovun bu xüsusda söhbəti yaxşı yadımdadır. O dedi: “Bizim “Qələbə”nin Salyanın yaşayış yerlərində açmadığı qapı yox idi. Fəxr edirdik ki, respublikada ən çox tirajlanan rayon qəzetidir. Rayonda bir çox problem və çatışmazlıqlardan onun vasitəsi ilə xəbər tutur, həll etməyə çalışırdıq”.

Heydər Əliyevin media ilə əlaqəli gör-götür dərsləri ölkədə coğrafi məhdudiyyətə sığmadığından 85 yaşında haqq dünyasına qovuşan əməkdar jurnalist Oqtay Cəfərovun Göyçayda rayon qəzetinin redaktoru işləyərkən başına gəlmiş, SSRİ miqyasında rezonans doğurmuş hadisəni yada salmağı vacib bildik. O vaxt ittifaq mətbuatında O.Cəfərovun rayon partiya komitəsinin yeni birinci katibi tərəfindən gözümçıxdıya salındığı, redaktoru olduğu “Yeni həyat” qəzetinin tənqidi yazı gedən sayının yandırıldığı barədə sensasiyalı məqalə yayımlanmışdı.

Məsələdən xəbər tutan Heydər Əliyev dərhal Mərkəzi Komitənin büro iclasını çağırdı. Bürokrat, özbaşına məmur vəzifədən çıxarıldı. Oqtay müəllim isə daha böyük vəzifəyə irəli çəkildi – respublika mediasının nəzəri-praktik məsələlərinin təbliği üçün təsis edilmiş “Müxbir” bülleteninə redaktor gətirildi, Azərbaycan Jurnalistlər Birliyinin katibi seçildi, “Əməkdar jurnalist” fəxri adına layiq görüldü. Onu da deyək ki, mətbu vasitələrimizin həndəsi silsilə ilə çoxaldığı, jurnalistikada səhlənkarlığın, özbaşınalığın, peşə prinsiplərinə sayğısızlığın əndazəyə sığmadığı indiki dövrdə “Müxbir”in yeri açıq-aşkar görünür. O bülleten Heydər Əliyevin tövsiyəsi ilə yaradılmışdı. Azərbaycan KP MK-nın və rayon partiya komitələrinin bürolarında 1969-cu ilin iyulunadək də mətbuatda çıxan yazılar müzakirə olunur, günahkarlar barədə inzibati qaydada ölçü götürülürdü. Heydər Əliyevin hakimiyyəti dövründə belə halların intensivləşməsi mətbuatın dördüncü hakimiyyət funksiyasının əməli təminatçısı olmuşdur. Respublika qəzetləri bir kənara, rayonlarda yerli mətbuatın yazdıqları tənqidlər də müzakirələr doğururdu.

Daha bir dərs timsallı misal. 1974-cü ilin yanvarında Daşkəsən Rayon Partiya Komitəsinin plenumu birinci katib M.Allahverdiyevi təkrar həmin vəzifəyə seçməkdən imtina etdi. O, oxucu məktubu əsasında qələmə alınan felyetonla bağlı tədbir görmək əvəzinə məsələni daha da qəlizləşdirmişdi. Qəzetə cavab vermədi. Müəllif bu barədə müxtəlif dairələrə şikayət məktubları göndərdi. Üzrxaqlıq edəndə artıq gec idi. Bu dərsdə də, götürülən ölçüdə də Heydər Əliyevin dəst-xətti özünü biruzə verirdi.

Aflatun Amashov adlı şəxsin şəkli.

Ulu Öndərin sonrakı illərin hadisələrini, proseslərini görmə qabiliyyəti, strategiya və taktikası onu sağlığında dahiləşdirən keyfiyyətlərindən idi. Medianın inkişaf perspektivlərinin milli jurnalistikamızı haralara aparacağı barədə proqnozlar üzərində düşüncələr rəhbəri bir an da rahat buraxmırdı. Ya milli jurnalistikamız mətbuatımızın mütərəqqi ənənələrinin varisi olduğunu dərk edərək təməlləri üzərinə qayıtmalı, ya da jurnalistlərimiz trafaret mövzular, oxşar üslub, ifadə vasitələri, yaradıcılığa, axtarışlara ehtiyac qalmayan tərzdə senzuranın tələblərinə itaətkarlıqla boyun əyən “intizamlı yazar” taleyi ilə barışmalıydılar.

Beləcə rəhbərin düşüncələrindən sovet dönəminin media dərsləri yaranırdı. Dərslər kənardan rəhbərin sahəyə yönələn məsləhətləri, tövsiyələri təsirini bağışlayırdı. Həssas, diqqətli oxucu, sadiq dinləyici, izləyici mövzunu, mətləbi teksdən ayırmaqda çətinlik çəkmirdi.

Heydər Əliyevin media dərsləri KİV-lərin maddi-texniki bazasının təkmilləşdirilməsini kadr hazırlığından ayırmırdı. Bütün sahələrə xas paralellik burada da strateji xəttin əsasını təşkil edirdi. Ötən əsrin 70-ci illərində Bakıda, Gəncədə, Sumqayıtda müasir tipli, nəşriyyatlar, poliqrafiya müəssisələri inşa olunmuşdu. Cəmi 2-3 ilin ərzində rayonlarda mətbəələrin təşkili, linotiplərlə, çap avadanlıqları ilə təminatı məsul katibləri qəzet çıxarmaq üçün Bakıya gəlmək qayğısından azad etmişdi. Yaradılan şərait tələbatı ödəyirdi, iş qalırdı jurnalistlərə. Onlar oxucuya elə məhsul təqdim etməli idilər ki, mətbu nəşrin hər sayı əl-əl gəzsin.

Azərbaycanda ali təhsilli jurnalist kadrları Bakı Dövlət Universitetinin filologiya fakültəsinin müvafiq şöbəsində hazırlanırdı. Gündüz və qiyabi şöbələrdə təhsil alan 50 nəfərin yarıdan çoxu sonralar başqa sahələrə üz tuturdu. Digər peşələrdən gələnlərin mediaya alışmalarına aylar, illər itirilirdi. Şöbə 1969-cu ildə fakultəyə çevrildi. Qəbul ikiqat artırıldı. Çox keçmədən fakultədə dekan dəyişikliyi oldu. Mətbuatımızın on illər boyu canlı ensiklopediyası, jurnalistikamızın partriarxı saydığımız Şirməmməd Hüseynovun bu vəzifəyə təyinatı faydasını verdi. Fundamentin möhkəmliyini əsaslandırmaq üçün müqayisə aparaq, 1990-cı ildən sonra Azərbaycanın əksər dövlət özəl və ali məktəblərində jurnalistika fakültələri yaradıldı. Hazırda əksəri meydanda yoxdur, bağlanılıb, BDU-nun müvafiq fakultəsi ilə rəqabətə tab gətirmədilər. Yəni universitetdə bu fakültə elmi əsaslarla yaradıldığından, flaqmanlığı əldən vermədi.

Məsəl var deyərlər ki, böyük balıqlar dəryalarda, okeanlarda yetişər. Heydər Əliyev respublika ali məktəblərinin hara gədər kadr hazırlama potensialından xəbərdar idi. Böyük planlar, dünya miqyaslı lahiyələrdə iştirakı, təmsilçiliyi təmin edəcək kadrların hər sahədə yetişməsini şərtləndirirdi. Ötən əsirin 70-ci illərində Rusiyanın, digər respublikaların ali məktəblərində təhsil almaq üçün gedən yüzlərlə gəncə ümid və qurur hissi ilə xeyir-duasını vermişdi. Gözləntilərin həyatda özünü doğrutması, vətən yolunda çırpınan qəlbin genişliyini, atılan addımların on illər sonrakı milli uğurlarımızın qazanmasına yönələn zərgər dəqiqliyini təcəssüm etdirirdi. Etimad həmin gənclərin, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakultəsinə daxil olan bu sətirlərin müəllifinin, yüzlərin taleyini tamam dəyişdi. Hazırda Azərbaycanda söz sahibi sayılan KİV rəhbərləri, jurnalist həmkarlarım ilə o illərin xatirlərini iftixarla yada salırıq. Kitabın digər dərslərində minnətdarlıq dolu duyğularımdan söhbət açacağımdan, qürurla qeyd etmək istəyirəm ki, bu diqqətin uzaqgörən rəhbərin müdrik əməli olduğunu ötən əsrin axırlarında başlanan, geniş vüsət alan istiqlal uğrunda mücadiləmiz, müstəgil, plüralist fikrə söykənən cəmiyyətimiz təsdiqləyəcəkdir.

Heydər Əliyev dərsləri göstərirdi ki, jurnalistə ümid və tələbkarlıqla yanaşan hakimiyyət, cəmiyyət yaradıcı insana sayğılı münasibət göstərməyə borcludur. Dövlət qayğısının təşkilati, maddi və mənəvi sahələri əhatə etməsi təsirsiz qalmırdı. Jurnalistin özünə, sözünə ehtiramla yanaşan Ümumilli Lider onları hər yerdə səbrlə dinləyir, arzu və təkliflərinə sayğılı yanaşır, nitqləri, çıxışları, mükafatları ilə qəlblərinə yol tapırdı. Təhlil edəndə görürdün ki, bunlar media dərsləridir.

1970-ci ildən sonra ali təhsilli jurnalistlərə təyinat Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsi tərəfindən verilirdi. Əvəllər redaktorlar bölgə qəzetlərinə təyinat almaq üçün məzunları bir-iki ay öncə dilə tuturdular, sonralar bölgələrdə işləməyə gedənlərin sayı çoxaldı. Mərkəzi Komitədən rayon partiya komitəsinin birinci katibinə göndərilən məktubda məzunun tutacağı vəzifə, təcili evlə təminatı öhdəliyi göstərilirdi. Bunun nəticəsi idi ki, gənc jurnalistlərinin çoxu bölgələrdə məskunlaşır, burada topladığı təcrübə sahəsində özünü böyük medianın kadrı olmağa hazırlayırdı. Əksər bölgələrdə partiya komitəsinin bürosunda redaktorların təmsilçiliyi nəzərdən qaçırılmırdı. Rayon mühitinin incəliklərinə bələd olanlar bunun necə əhəmiyyət daşıdığının yaxşı fərqindədirlər.

Heydər Əliyevə qədər paytaxtda hansısa jurnalistin mənzillə təminatı görünməyən məsələ hesab olunurdu. Bu da həllini tapdı. Bakının mərkəzində, mikrorayonlarında xeyli həmkarımıza yeni mənzillərin açarları təqdim olundu. Ənənələr davamlıdır. Azərbaycan hazırda dünyanın yeganə ölkəsidir ki, jurnalistlər müasir, rahat binalarda mənzillə təmin edilirlər. Ulu Öndərin layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev bu məsələni də daim diqqət mərkəzində saxlamaqdadır. Paytaxtda jurnalistlər məhəlləsi salınıb.

Azərbaycan Jurnalistlər Birliyinin sədri olmuş Hacı Hacıyev xatırlayırdı ki, AJB üzvlərinə verilən arayışlarda onların əlavə 20 kvadratmetr mənzil almaq hüququna malik olduğu göstərilirdi. Mediamızın ağsaqqalı Ulu Öndərin ölkə jurnalistlərinin qurultaylarında həvəslə iştirak etdiyini, qeydlər apardığını deyirdi: 1982-ci ilin yanvar ayında keçirilən VI qurultayda ölkə rəhbərinə “Əməkdar jurnalist” fəxri adının niyə təsis olunmadığı sualı verildi. Aradan bir qədər keçməmiş fəxri adlar siyahısında “Respublikanın əməkdar jurnalisti” də yer aldı.

70-ci illərdə kadrlara tələbatın ödənilməsi üçün Jurnalist Yaradıcılığı İnstitutunun yaradılması təklifi ilə çıxış etdik. Ulu Öndər təklifi bəyəndi. İnstitut fəaliyyət göstərdiyi illərdə redaksiyalarda çalışan qeyri-ixtisaslı əməkdaşlar üçün təcrübə məktəbi oldu.

Jurnalist əməyinin stimullaşdırılması Heydər Əliyevin media dərsləri yaradıcılıq bəhsləşmələrinə, müsabiqələrə rəvac verdi. AJB-nin “Qızıl qələm”i isə ictimai rəydə dövlət təltiflərindən geri qalmırdı. Hər il mayın 5-də – Mətbuat günü ərəfəsində 200-300 iddialının içərisindən 5-6 nəfərin seçilib döş nişanı, diplom və pulla mükafatlandırılması, adlarının radioda, televiziyada, qəzetlərdə elan olunması hər il başqalarını da yeni iddiallılar sırasına daxil edirdi. Hacı müəllim təəssüf hissi ilə deyirdi ki, Heydər Əliyev Moskvaya getdi, “Qızıl qələm” isə “işgüzar adamların” əlinə düşdü, xatirəyə döndü.

Ulu öndərin media dərsləri hər kəsə biliyinə, nüfuzuna, xidmətlərinə görə öz yerini göstərirdi. Möhtərəm prezidentimiz İlham Əliyevin media mənsublarına baxışlarında da belə yanaşmanın şahidləriyik. 2005-ci ildə Şirməmməd Hüseynovla Hacı Hacıyev barəsində prezident təqaüdü almaq üçün ölkə başçısına təqdimatımız müsbət qarşılandı. Mediamızın ağsaqqaları layiq görüldükləri mükafatların xeyli hissəsini ömürlərinin sonuna qədər xeyriyə işlərinə sərf etdilər. Ş.Hüseynovun Azərbaycan Xalq Cümhuriyyətinin liderləri barədə silsilə kitabları həmin təqaüd hesabına işıq üzü gördü.

Sovet dönəmində Heydər Əliyevin taleyinə Azərbaycanı düşdüyü burulğandan çıxarmaq, inkişaf yoluna qovuşdurmaq, bunun üçün cəmiyyəti, düşünən beyinləri səfərbərliyə almaq missiyası düşmüşdü. Rəhbər həm də ona görə qüvvətli, inamlı idi ki, arxalana biləcəyi ziyalı ordusunu yaxından tanıyırdı. “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarının, həmçinin Nəsir İmanquliyevin ölkənin öncül axşam qəzetinə çevirdiyi “Bakı-Baku”nun, Yusif Kərimovun “Azərbaycan gəncləri” qəzetinin adları milli mətbuat tariximizdə əbədi iz salıb. Görəsən, o dövrün senzurası ayağını yerə bərk dirəsəydi, bu mətbu nəşrlər nə qədər sevilər, populyar olardı?! Bu tipli idarəyə rəhbərlik etmiş Cahangir İldırımzadə deyirdi ki, biz Heydər Əliyevlə güclü idik, ona güvəndiyimizdən, hər azad fikrin, ifadənin başına ip atmırdıq.

Ulu Öndər hakimiyyətə gəldikdən sonra mərkəzi mətbuat və televiziya ilə qurulan münasibət Azərbaycan xalqının tanıdılmasına, dünya arenasına çıxmasına hesablanmışdı. XX yüzilliyin 70-ci illərinin əvəllərində “Literaturnaya qəzeta”da “Qoy ədalət zəfər çalsın!” başlığı altında dərc edilmiş müsahibə başdan-ayağa Heydər Əliyevin media dərsləri olduğundan yazının ayrıca təqdimatını məsləhət gördük”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO