Hikmət Hacıyev: “Ermənistanın Baş naziri öz xalqını təşvişə salan məlumatlar paylaşır”
Ermənistanın Baş naziri şəxsi “Facebook” ünvanından öz xalqını təşvişə salacaq məlumat paylaşıb. O bildirib ki, guya Azərbaycana məxsus müşahidə dronları İrəvan üzərində hərəkət edir.
Rakus.az xəbər verir ki, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, paylaşımda bu dronların vurulması ilə bağlı da məlumat yayılıb:
“Ermənistanın Baş naziri hər fürsətdə yalan və riyakarlıqla məşğuldur. Belə ki, Ermənistanın Müdafiə Nazirliyi tərəfindən bu dronların hərəkəti və vurulması ilə bağlı videolar hazırlandı. Daha sonra isə onlar fotoşop olan bu dronların vurulması görüntülərinin təcili şəkildə çıxarılmasını tələb etdilər. Bu da bir daha sübut edir ki, bu yalan idi. Ermənistanın və İrəvan şəhərinin sakinlərini təşvişə salırlar və qorxudurlar. Bütün bu yalanlar bir-bir ifşa olunub”.