Hüquqi şəxslərin dövlət reyestrinin qaydası dəyişdi
Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edib.
Rakus.az xəbər verir ki, bu Qaydalar kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslərin, dini qurumların, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının (qurum), həmçinin Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumların dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarını müəyyən edir.
Dəyişikliyə əsasən, qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarı və hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar dövlət reyestrinə daxil ediləcək.