I Bakı Beynəlxalq Konqresi keçirilir - FOTO
Bu gün “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” adlı I Bakı Beynəlxalq Konqresi öz işinə başlayıb.
Rakus.az xəbər verir ki, konqres “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi (DTMQİ) və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) təşkilatçılığı ilə keçirilən “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı çərçivəsində təşkil olunub.
Konqresdə çıxış edən “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov bildirib ki, 2019-cu il Azərbaycan üçün önəmlidir: “Bu il ölkə başçısının sərəncamına əsasən “Nəsimi ili” kimi qeyd olunur. Bu məqsədlə də Azərbaycanda bir sıra tədbirlər həyata keçirilir. Bu günlərdə keçirdiyimiz “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı da bu qəbildən olan tədbirlərdəndir. Belə tədbirlərin davamı olaraq bu gün “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” adlı I Bakı Beynəlxalq Konqresi öz işinə başlayır. “Nəsimi ili”-ə həsr edilən konqresin əsas məqsədlərindən biri iştirakçı ölkələrin diqqətini Azərbaycanın zəngin sənətkarlıq tarixinə cəlb etmək, xalqımızın mədəni-mənəvi irsini dünyaya tanıtmaqdır”.
Qoruq İdarəsinin sədri Azərbaycanda incəsənət və sənətkarlığın yüz illərlə tarixə malik olduğunu nəzərə çatıdırıb: “Müasir Azərbaycanda sənətkarlıq hələ də yaşayır və dövlət onun inkişafına qayğı göstərir. Azərbaycan ustalarının əl işləri dünya muzeylərini bəzəyir. Hələ 2018-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi ilə IRCICA arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə bağlanıb. Bu ilin may ayında isə əməkdaşlığın davamı olaraq Bakıda memorandum imzalamışıq. Mən inanıram ki, İRCİCA ilə birlikdə keçirdiyimiz bu tədbirlər İslam dünyası ilə əməkdaşlığın inkişafına öz töhfəsini verəcək”.
Ə.Ələkbərov “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” konqresində İslam Şərqinin 30 ölkəsindən dövlət orqanlarının nümayəndələrinin, alimlərin, xalq yaradıcılığı sənətkarlarının, ekspertlərin, biznes, beynəlxalq, qeyri-hökumət və ictimai təşkilatların təmsilçilərinin iştirak etdiyini bildirib: “Konqresin gündəliyinə əsasən, tədbirdə bədii toxuculuq, bədii metalişləmə, bədii oyma sənəti istiqamətlərində geniş diskussiyalar təşkil olunacaq”.
IRCICA-nın baş katibi Xalid Ərən isə “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” adlı konqresdə iştirakından məmnun olduğunu söyləyib: “Əgər İRCICA-nın əhatə etdiyi coğrafiyaya nəzər yetirsək görərik ki, bu olduqca multikultural konqresdir. Konqres çərçivəsində müxtəlif regionlardakı sənətkarların əl işləri barədə məlumat veriləcək. Bakı konqresi yeni perspektiv üfüqləri açır. Burda demək olar ki, bütün istiqamətlərdə sənətkarlığın inkişafına nəzər yetiriləcək, təklif və tələb arasındakı münasibətlər öyrəniləcək, o cümlədən sənətkarların şəbəkələşməsi, onların iqtisadi cəhətdən inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə olunacaq”.
Sonra Xalid Ərən Əsgər Ələkbərova Məkkə və Mədinə şəhərlərinin XIX əsrə aid şəkillərindən ibarət fotoalbom hədiyyə edib.
Daha sonra İçərişəhərə həsr olunmuş sənədli film təqdim olunub və çıxışçıların məruzələri ilə konqres işinə davam edib.
İki gün davam edəcək konqresin mədəni proqramı çərçivəsində paytaxt muzeylərinə və Abşeron abidələrinə ziyarətlər nəzərdə tutulub.
Qeyd edək ki, İslam Əməkdaşlığı Təşkilatının qurumu olan IRCICA 1980-ci ildən fəaliyyət göstərir. Qısa zaman ərzində dünyanın mötəbər təşkilatına çevrilən qurum hazırda 56 islam ölkəsini öz ətrafında birləşdirir. (apa.az)