İcma rəhbəri bəyanat yaydı
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev Şuşadakı Yuxarı Gövhər ağa məscidi ilə bağlı bəyanatla çıxış edib.
Rakus.az xəbər verir ki, bu barədə İctimai Birlikdən məlumat verilib.
Bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus zəngin mədəni, tarixi və dini irsin dağıdılması, gizlədilməsi və dəyişdirilməsi kimi fəaliyyətin mütəmadi şahidi oluruq. Biz erməni mediasına istinadən Şuşa şəhərinin Yuxarı Gövhər ağa məscidində aparılan “təmir-bərpa işləri” haqqında xəbərləri dərin narahatlıq hissi ilə izləyirik. İşğalçı Ermənistanın torpaqlarımızda etnik təmizləmə həyata keçirdikdən sonra beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini kobudcasına pozaraq Şuşanın əsas simvollarından hesab edilən məsciddə qanunsuz “təmir-bərpa işləri” aparması və bu məqsədlə hansısa şirkətləri cəlb etməsi Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş vandallıq hərəkətlərinin davamı kimi başa düşülməlidir.
Hamıya məlumdur ki, Qarabağ xanı İbrahim xanın qızı Gövhər ağanın (Gövhərnisə bəyim) adını daşıyan Yuxarı Gövhər ağa məscidi Gövhərnisənin maddi dəstəyi ilə qoşa minarəli formada atası İbrahim xanın yararsız hala düşmüş məscidinin yerində şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilib. İşğal olunmuş Şuşa şəhərində digər abidələr və dini ibadət ocaqları da eyni aqibətlə üzləşib. Şuşa sanatoriyasının ərazisindəki Rus kilsəsinin kümbəzi dağıdılıb yenidən tikilərək obrazı dəyişdirilib və Rus kilsəsi yeni uydurma Kanaç jam adlandırılıb.
Ermənistan bu hərəkəti ilə təkcə irsimizi hədəfə almır, eyni zamanda, İran və Azərbaycan arasında mövcud olan dostluq əlaqələrinə xələl gətirir. Bu, bir daha Ermənistanın əsl xislətini nümayiş etdirir və destruktiv xarakterli hərəkətlərini ifşa edir. Yuxarı Gövhər ağa məscidinin “bərpa edilməsi” altında Ermənistanın hansı məkrli niyyətinin durduğunu qeyd olunanlar müstəvisində daha aydın görmək mümkündür. Bu, Ermənistanın onsuz da həssas olan regionda nə qədər təhlükəli oyun apardığını və dost ölkələrin arasını vurmaq kimi çirkin planlarının olduğunu göstərir.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistanın bu hərəkətlərinin qarşısının alınması və mədəni-tarixi irsimizə qarşı həyata keçirilən bu qanunsuz vandal hərəkətlərinin pislənilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESKO, digər beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinə müraciət edir. Ermənistanın işğal edilmiş ərazilərimizdə apardığı vandalizm hərəkətlərinə göz yummaq beynəlxalq humanitar hüquq üzrə ölkələrin öz üzərinə götürdükləri öhdəliklərə zidd olmaqla yanaşı, ümumbəşəri mədəni irsə qarşı etinasız münasibət kimi anlaşılardı. Əgər dünya ictimaiyyəti qeyd olunanlar müqabilində səssizliyini davam etdirərsə, bəşəriyyətə məxsus mədəni-tarixi irsin daha kəskin formada dağıdılması üçün destruktiv qüvvələrə şərait yaratmış olacaq”.