İki müqavilə ilə Ermənistana verilən Amasiya rayonu - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə qədim tariximizi sübut edən, oğuz türklərinin mədəni mühitinin daim mövcud olduğu Amasiya rayonu haqqında süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “Amasiya torpaqlarını Ermənistana kim verdi?” adlı süjetdə indiki Ermənistan ərazisinin Azərbaycan türklərinə məxsus olması, bu məkanda qədim dövrlərdən məskən salıb yaşaması bütün mənbə və sənədlərdə təsdiqini tapması, bu tarixi torpaqların zaman-zaman mənfur ermənilər tərəfindən mənimsənilməsi qeyd olunur.
Bildirilir ki, Ağbaba və Şörəyel mahallarının tərkibi kimi Amasiya rayonunun ərazisi Şərqi Anadoluya aid olub. Türkiyə və Gürcüstanla həmsərhəd olan bu ərazi 1921-ci il Moskva və Qars müqavilələrinə əsasən Amasiya rayonunun torpaqları indiki Ermənistana verilib. Bölgənin Ermənistana qatılması ilə razılaşmayan Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldağılan, Mustoğlu, Bağçalı və Söyüdlü kəndlərinin əhalisi Türkiyəyə gedib. Bir çox kənddə isə əhalinin xeyli hissəsi SSRİ ilə Türkiyə arasında sərhəd qoyulan zaman Qarsa köçüb, yerdə qalanların bir qismi isə repressiyalara məruz qalıb”.
Vurğulanır ki, 1930-cu il sentyabrın 9-da yaradılan Amasiya rayonu Qərbi Azərbaycanın Ağbaba mahalı ərazisində böyük rayon kimi tanınıb. Ərazisi 608 kvadrat kilometr olan rayonun mərkəzi Amasiya şəhər tipli qəsəbə sayılıb: “Bütün əhalisi qarapapaq türklərindən ibarət olan Amasiya bölgəsində 1831-ci ildə 5800, 1897-ci ildə 12 288, 1926-cı ildə 9888, 1939-cu ildə 14 911, 1959-cu ildə 12 794, 1972-ci ildə 19 724 azərbaycanlı yaşayıb. Ermənilər Qafqaza köçürüldükdən sonra yavaş-yavaş Amasiya rayonunda da ayaq açmağa başlayıblar. Sovet hakimiyyəti dövrünə qədər bu ərazidə mövcud olan 40 kənddən cəmi üçündə ermənilər yaşayıb.
Sovet dönəmində isə rayonda mövcud olan 24 kənddən 22-si sırf azərbaycanlılardan ibarət olub. 1948-1953-cü illərdə Amasiyadan insanlar Azərbaycan ərazilərinə məcburi deportasiya edilib. Buna parelel olaraq Türkiyədən, Suriyadan, Livandan ermənilər Ermənistana köçürülüb, Gümrü, yəni Leninakan şəhərinə və Amasiya rayonuna yerləşdirilib. 1988-ci ilin sonunda rayon oğuz türklərdən tamamilə təmizlənib, azərbaycanlılar 23 kənd və yaşayış yerini tərk etməyə məcbur olub. Nəhayət, 1995-ci ildə Amasiya rayonu ərazisinin birləşdirilməsi nəticəsində mərkəzi Gümrü şəhəri olan Şirak mərzi yaradılıb. Ermənistan rəhbərliyinin müxtəlif qərarları ilə Amasiya rayonu üzrə 25 kəndlərin adları dəyişdirilib.
Sonda diqqətə çatdırılır ki, Amasiya tarixində Azərbaycan türklərinin xüsusi yerinin olması inkaredilməzdir: “Buna baxmayaraq, ermənilərin terror və köçürmələri nəticəsində bu ərazidə nə azərbaycanlı, nə də onlara məxsus məkan qalmayıb. Lakin əhalinin yaddaşında və şəxsiyyətini təsdiq edən sənədlərdə məhz onların kimliyi, boya-başa çatdıqları məkan qeyd olunub və yaddaşlarda elə o cür də yaşayır. Əminik ki, ümumi əhalisinin 90 faizdən çoxunu azərbaycanlılar təşkil edən bu məkan da əsl yiyəsinə yenidən qovuşacaq, zəngin tarixi keçmişini bərpa edəcək.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında noyabrın 22-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.