Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Rakus.az xəbər verir ki, Komitənin Mətbuat xidmətindən verilən məlumata görə, kollegiyada Dövlət Komitəsinin funksional fəaliyyəti ilə bağlı bir sıra vacib məsələlər müzakirə olunub, məcburi köçkünlərə yeni salınan qəsəbələrdə dövlət mənzil fondundan müvəqqəti yaşayış sahələrinin ayrılması və vahid aylıq müavinətlərin təyin edilməsi üzrə müvafiq komissiyaların rəhbərlərinin hesabatları dinlənilib.
Bu il iyulun 5-də Bakının Pirallahı rayonunda ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış qəsəbəsinin istifadəyə verildiyi vurğulanıb, respublikanın müxtəlif bölgələrində yeni yaşayış komplekslərinin inşasının davam etdirildiyi bildirilib.
Dövlət Komitəsində elektron informasiya sisteminin təkmilləşdirilməsi gedişi kollegiyada geniş müzakirə olunub.
Məcburi köçkünlərin köçürülmə obyektlərinə qeydiyyatının tamamilə dayandırıldığı, yerli sektor və nümayəndəliklərə komitə ilə razılaşdırmadan qeydiyyat aparılmaması barədə tapşırıq verildiyi qeyd edilib. Bununla bağlı yerli sektorların və nümayəndəliklərin aylıq hesabatları yoxlanılır, səhlənkarlığa yol verən əməkdaşlar cəzalandırılır. Məcburi köçkünlərin qeydiyyatında yol verdikləri nöqsanlara görə komitənin Nərimanov və Sabunçu rayon sektorlarının müdirləri barədə əmək qanunvericiliyinə uyğun inzibati tədbirlər görülüb.
Kollegiyada dövlət başçısının tapşırıqları əsasında, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində və respublikanın digər ərazilərində torpaq sahələrinin ayrılması işlərinin gedişi, məcburi köçkünlərin məşğulluğunun artırılması, qarşıdakı payız-qış mövsümünə hazırlıq məsələləri, məskunlaşdırılması başa çatdırılmış qəsəbələrdə mənzillərin istismar vəziyyəti və bu sahədə qarşıya çıxan problemlər müzakirə olunub, gündəlikdəki digər məsələlərə baxılıb. Hər bir məsələ ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib, struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.