İlham Əliyevin sülh şərti – beynəlxalq ictimaiyyətə ismarış – TƏHLİL
Ermənistan rəhbərliyi və cəmiyyətinə sülhlə bağlı çox aydın və qəti təkliflər təqdim edilib. Bu təkliflər ölkənin gələcəyi, milli, müstəqil dövlətin inkişafı, regional və qlobal inteqrasiyası üçün bir fürsətdir.
Ancaq rəsmi İrəvan sülh sazişi, sərhədlərin müəyyənləşməsi istiqamətində addımlar atmaqdan daha çox danışmağa üstünlük verir. Rəsmi Bakı ona indiyədək on təkliflər paketi təqdim edib. Ermənistan hakimiyyəti isə hələ də onlara əməl etməyib.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın ölkəmizə yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Ermənistanla bağlı məsələlərdən də danışıb.
Yeri gəlmişkən, Kanada işğal dövründə, 44 günlük müharibə zamanı və sonra da Ermənistanın mövqeyini müdafiə edib. Bu baxımdan, Prezidentin səfirlə söhbəti həm də diplomatın ölkəsində anti-Azərbaycan mövqeyi tutanlara ismarışlar, yaxud cavabdır. Dövlət başçısı deyib: “Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.
Prezidentin sözlərinə görə, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir. O qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara, demək olar ki, dekabr ayında başlanılıb: “Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi”.
Prezident bunun Azərbaycanın daxili məsələsi olduğunu da qeyd edib.
İlham Əliyev sülhlə bağlı sənədin əsas prinsiplərini bir neçə aya yekunlaşdıra biləcəklərini qeyd edib. O, Ermənistanla sülhə dair razılaşmanın başlıca prinsiplərini də diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi: “Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər – əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.
Bununla da dövlət başçısı sülh üçün Ermənistanın müdafiəçilərinin diqqətinə aşağıdakı məsələləri çatdırıb:
– Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olan konstitusiyasını dəyişməsi;
– Qərbi azərbaycanlıların repatriasiyası;
– Əsas prinsiplər üzrə razılığın əldə edilməsi, paraflanması;
– Azərbaycanla Ermənistan arasında 28 illik problemlərin çoxluğu və onlarla bağlı razılıq əldə edilməsinin çətinliyi.
Prezidentin ismarışları ABŞ-nin dövlət katibi Antoni Blinkenin Brukinqs İnstitutunda çıxışına da müəyyən mənada cavab sayıla bilər.
Dövlət katibi bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkan var: “Bu da onilliklərlə davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, regionda iqtisadi əlaqələr, iqtisadi artım, şimal və cənub, qərb və şərq ölkələri arasında əlaqələrin qurulması baxımından böyük imkanlar yaradacaq. Azərbaycan bu məsələdə həlledici rol oynayır”.
Rəsmi Bakını tələsik sülh sazişi imzalamağa çağıran, yaxud bu istiqamətdə təzyiq edənlər Ermənistanın “Müstəqillik Bəyannaməsi” və konstitusiyasının preambulasında, yəni lap girişindəcə vurğulanan cümlələri görməzdən gəlirlər.
Başqa sözlə, Ermənistan 1918-ci ildən yarımçıq qalmış xülyanı, Qarabağın ilhaqını qarşıya məqsəd olaraq qoyub.
1995 və 2015-ci ildə qəbul edilmiş konstitusiyada isə həmin məsələ belə vurğulanıb ki, erməni xalqının fundamental istəkləri əsas götürülür. Bu fundamental prinsiplər konstitusiyada təsbit olunur. Bunlardan biri “Müstəqillik Bəyannaməsi”ndə göstərilən dövlətçilik və ümummilli hədəflərdir.
“Ermənistan öz suverenliyini bərpa etmək üçün azadlıqsevər atalarının vəsiyyətini yerinə yetirərək, dövlətçiliyini təmin etmək məqsədilə onun möhkəmlənməsinə və inkişafına sadiq qalaraq, azadlıq, ümumi rifah, nəsillər üçün vətəndaş harmoniyasını təsdiqləyir…”, – konstitusiyada vurğulanır.
Belə qənaətə gəlmək olar ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə olduğu kimi, yenə ermənilərin başını sığallayır, onlara bu dəfə əsas qanunlarını dəyişdirməməkdə yardım edirlər. Ancaq məsələyə belə tərəfli yanaşmaq münasibətlərin normallaşmasını gecikdirir. Odur ki, “qanun şahdır, şah qanun deyil” prinsipi beynəlxalq hüquqda da keçərlidir.
Sədrəddin Soltan – “Report”