İlham Əliyevin yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir – Deputat
– Aydın müəllim, 2019-cu ilin ötən 9 ayının sosial-iqtisadi yekunlarını necə qiymətləndirərdiniz?
– 2019-cu ilin ötən 9 ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə də qeyd olunduğu kimi cari ilin 9 ayı ölkəmiz üçün uğurlu olub. Bu uğurların əldə olunmasında son bir ildə başlanmış yeni islahatların mühüm təsiri olubdur. Cənab Prezidentin də vurğuladığı kimi əldə edilmiş sosial və iqtisadi nəticələr müsbətdir, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Bu dövrdə əldə edilmiş sosial və iqtisadi nəticələr aparılan məqsədyönlü, sistemli və düşünülmüş islahatların məntiqi nəticəsidir.
2019-cu ilin 9 ayı ərzində iqtisadi artım təmin edilib. Azərbaycan iqtisadiyatı neftdən asılı olmadan inkişaf edib. Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox yüksəlib. Qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər əldə olunub, 15 faizdən çox artım baş veribdir. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Son illərdə kənd təsərrüfatına böyük investisiyaların qoyulması və bu sahəyə göstərilən dövlət dəstəyi tədbirləri sayəsində aqrar sektorda 7 faizdən çox artm əldə edilib. Digər iqtisadi göstəricilərimiz də müsbətdir. İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Yeri gəlmişkən, onu qeyd etmək istərdim ki, 2019-cu ildə çox böyük sosial paketin reallaşması sayəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyətinin yaxşılaşması və bu sosial tədbirlərə dövlət büdcəsindən 1 milyard manatdan artıq vəsaitin ayrılmasına baxmayaraq, ölkəmizdə inflyasiyanın səviyyəsi sabit qaldı. Bəzi şəxslər hesab edirdilər ki, bu həcmdə böyük artımlar qiymətlərin bahalaşmasına, inflyasiyanın sürətlənməsinə səbəb olacaq. Ancaq dövlətimizin yürütdüyü uğurlu siaysət sayəsində inflyasiyanın sabit qalması təmin edildi.
– İqtisadi artımın əldə olunmasında aparılan islahatlar hansı dərəcədə rol oyanmaqdadır?
– Məlum olduğu kimi 2019-cu ilin əvvəllərindən başlayaraq iqtisadiyyatda yeni islahatların başlanması “kölgə iqtisadiyyatı”nın azalmasına və şəffaflığın təmin edilməsində mühüm rol oynamaqdadır. Aparılan islahatlar iqtisadi idarəetmədə yeniliklərin tətbiq olunması ilə müşayiət edilməkdədir, bu islahatlar bütün sahələrdə hesabatlılığın, maliyyə intizamının və şəffaflığın təmin edilməsini möhkəmləndirir. Şəffaf iqtisadiyyat iqtisadi imkanların daha da artmasını təmin edir. Məhz şəffaflıq və yeni yanaşma nəticəsində birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə edilib, iqtisadi potensialımız, maliyyə imkanlarımız da güclənib. Cənab Prezident bunu müşavirədə xüsusilə vurğuladı və bildirdi ki, aparılan yeni islahatlar, vergi və gömrük sahələrində təmin edilən şəffaflıq öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait ödəyibdir. Bu, şəffaflıq, dürüstlük sayəsində, sahibkarların uçotunun düzgün qurulması nəticəsində mümkün olubdur.
– Beynəlxalq maliyyə institutlarının son hesabatlarında da ölkəmizdə aparılan islahatlar təqdir olunmaqdadır. Həmin hesabatlarlı necə şərh edərdiniz?
– Azərbaycanda davam etdirilən iqtisadi islahatları Dünya Bankı, Ümumdünya İqtisadi Forumu, Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları da yüksək qiymətləndirməkdədirlər. Bu günlərdə Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”ndə 11 pillə irəliləyərək 58-ci mövqedə qərarlaşıb.
Hesabatı təhlil etdikdə görərik ki, Azərbaycan 141 ölkə arasında ən böyük yüksəliş balı əldə edib, Cənubi Qafqaz ölkələri arasında lider, MDB ölkələri arasında isə ilk üçlükdədir. Yaxud, Azərbaycan Dünya Bankının “Doing Business 2020” hesabatında iqtisadi islahatlar aparan ən yaxşı 20 ölkə sırasında yer alıbdır. Bu hesabatlarda Azərbaycanın mövqeyinin yaxşılaşması birbaşa son illərdə dərinləşən islahatların nəticəsi olaraq xarakterizə olunmalıdır. Bütün bunlar təsdiqləyir ki, Azərbaycan hökumətinin apardığı islahatlar mütəmadi olaraq əksər indikatorlar üzrə mövqeyin daha üst səviyyəyə qalxmasına imkan veribdir. Bu uğurlar Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir. Azərbaycan hökuməti növbəti dövrlərdə də islahatları davam etdirəcək və beynəlxalq aləmdə mövqeyimiz daha da yaxşılaşacaq, ölkəmiz yenə də liderliyini qoruyub saxlayacaq.
– Dövlətimizin başçısı islahatlara kölgə salan, hələ də köhnə təfəkkürlə işləyən dövlət məmurlarının olmasına da diqqət çəkdi, bu istiqamətdə kadr islahatlarının aparılacağının anonsunu da verdi…
– Tamamilə doğru qeyd edirsiniz, Prezident İlham Əliyev çox açıq mesajlar verdi və bildirdi ki, ötən il keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda Azərbaycanda başlanılan yeni islahatların əsas istiqamətlər üzrə hədəfləri elan etdim. İslahatların əsas hədəflərindən biri də dövlət qurumlarının fəaliyyətinin yeni dövrə, çağırışlara uyğun qurulmasıdır. Yeni çağırışlar nədir? Yeni hədəflər bürokratik idarəetmədən uzaqlaşmaqdır, şəffaflıqdır, köhnə məmurçuluqdan əl çəkməkdir, vətəndaşa xidmət etməkdir, yeniliyə uyğunlaşmaqdır. Təəssüf ki, dövlət orqanlarında olan bəzi vəzifəli şəxslər iqtisadi və sosail sahədə bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olurlar, islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə hökumətin işinə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar. Ona görə də, köhnə təfəkkürə malik bu adamlarla sürətlənən islahatlar kursunda bərabər addımlamaq mümkün deyil, artıq yeni komandada onlarla davam edilə bilməz. Dövlər başçısı da konkret və qəti xəbərdarlıq etdi, bütün dövlət məmurları artıq dərinləşdirilən bu islahatların ruhuna uyğun işləməlidirlər. Əgər bacarmırlarsa, belə adamlarla bir yolun yolçusu ola bilmərik.
– Dövlət başçısı 2020-ci ilin dövlət büdcəsi layihəsinin hazırlandığını və büdcə ilə əlaqədar hökumət üzvlərinə tapşırıqlar verildiyini də bildirdi. Gələn ilin büdcə layihəsini necə dəyərləndirərdiniz?
– Cənab Prezidentin də bəyan etdiyi kimi hökumət üzvləri artıq neçə vaxtdır ki, yeni büdcə paketi üzərində işləyirlər. Məlum olduğu kimi Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” ötən ay hökumətə təqdim edilib. Həmin sənədin göstəricilərinə əsasən qeyd etmək mümkündür ki, 2020-ci iıin dövlət büdcəsi layihəsi kifayət qədər praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanır. 2020-ci ildə icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsaslanır. 2019-cu ildə olduğu kimi, 2020-ci il və orta müddətli dövrdə də icmal büdcə xərclərinin yuxarı həddi bu qaydaya uyğun olaraq müəyyən ediləcəkdir. 2020-ci ilin dövlət büdcəsinin gəlirləri isə 24, 484 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1,316 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcədə artımın əsas mənbəyi qeyri-neft gəlirləridir. Qeyri-neft gəlirlərinin artım tempi 11,3 fazidir, yəni cari illə nisbətdə 1 milyard 68 milyon manat. Ümumilikdə, gələn ilin büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdırmış olacaq. 2020-ci ildə dövlət büdcəsinin xərcləri isə 25 milyard 618,2 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 428,2 mln. manat çoxdur. Ümumilikdə, 2020-ci ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaqdır.
– Ölkəmizin qarşıdakı dövrdə sosial-iqtisadi inkişafını necə proqnozlaşdırardınız?
– Azərbaycan İlham Əliyevlə yeni davamlı uğurların və uzunömürlü xoşbəxt gələcəyin astanasındadır. Reallıq bundan ibarətdir ki, Azərbaycan həqiqətən zəngin bir ölkəyə çevrilmək mərhələsinə daxil olub. Yeni iqtisadi idarəetmənin və şəffaf iqtisadiyyatın qurulması Azərbaycanın yaxın llərdə yüksək inkişafa və keyfiyyətli həyat şəraitinə çatmasına imkan verəcəkdir. Respublikamızda qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanı yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olmasını təmin edəcək. Qarşıdakı illərdə demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin yeni müstəvidə və modern mərhələdə gücləndirilməsi, neft gəlirlərinin məqsədyönlü idarə olunması və birbaşa insan amilinə, yəni intellektual kapitala yönəlməsi, qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi, kiberinformasiya cəmiyyətinin formalaşdırılması, ən yeni kreativ texnologiyaların meydanının genişləndirilməsi də Cənab İlham Əliyevin hədəflədiyi sahələrdir.