İlham Zəkiyev sədr, Hacı Əliyev müavin oldu
Azərbaycan Milli Anti-dopinq Agentliyinin (AMADA) İdmançılar Məsləhətçi Komissiyasının sədr və sədr müavini seçilib.
Rakus.az xəbər verir ki, karantin rejiminin tələbləri nəzərə alınaraq, onlayn formatda keçirilən iclasda AMADA-nın direktoru Şəfəq Hüseynli və komissiyanın bütün üzvləri iştirak edib.
İclasda çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, idmançıların hüquqlarının daha effektiv müdafiəsi və təmiz idmanın təşviqi baxımından komissiyanın aktiv fəaliyyəti vacibdir. Bunun üçün İdmançılar Məsləhətçi Komissiyasının əsasnaməsinə uyğun olaraq ilk növbədə komissiyanın sədr və sədr müavini seçilməlidir.
Komissiya üzvləri tərəfindən sədrlik üçün cüdoçu, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin, sədr müavini vəzifəsinə isə sərbəst güləşçi, üçqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyevin namizədliyi irəli sürülüb.
Keçirilən səsvermədə hər iki təklif yekdilliklə dəstəklənib. Beləliklə, İlham Zəkiyev İdmançılar Məsləhətçi Komissiyasının sədri, Hacı Əliyev sədr müavini seçilib.
İdmançılar Məsləhətçi Komissiyası yanvarın 21-də təsis olunub. 12 üzv idmançıdan ibarət komissiyanın missiyası AMADA daxilində idmançıları təmsil etmək və idmançıların hüquqlarının müdafiəsi və təmiz idmanın təşviqi ilə bağlı AMADA-ya tövsiyələr verməkdir.