İran səfirinin yersiz müdaxiləsi – ermənisayaq mövqe – TƏHLİL
İranın Ermənistandakı səfiri Mehdi Sübhani növbəti dəfə Ermənistan-Azərbaycan münasibətlərinə yersiz müdaxilə edib.
Bu ilin fevralında o, ermənisayaq mövqe tutaraq Ermənistana Hindistan silahlarının tədarükünə dair sualı cavablandırarkən demişdi ki, Tehran Ermənistanın gücləndirilməsinin, regionda sülh və sabitliyə kömək edəcək həll yollarının tərəfdarıdır: “Biz Ermənistanın möhkəmlənməsi və güclənməsinin tərəfdarıyıq. Regionda sülh və sabitliyə kömək edəcək hər şeydə ona kömək etməyə hazırıq”.
O, Azərbaycanın da iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinə qarşı çıxaraq Ermənistandan keçəcəyi arzulanan ideyaya üstünlük verdiklərini vurğulamışdı.
Səfir Sübhani avtomobil yolları ilə bağlı məsələyə münasibət bildirərək demişdi ki, yollar ölkənin suverenliyi altında olmalıdır.
O, Azərbaycanla Ermənistan arasında sərhədyanı ərazidə Avropa İttifaqı mülki müşahidə missiyasının yerləşməsinə qarşı heç vaxt mənfi münasibət bildirməyib. Habelə, ABŞ dövlət katibi Antoni Blinken, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 5-də keçirilən üçtərəfli görüşlə bağlı da açıqlama yaymayıb.
Mehdi Sübhani regional münasibətləri və vəziyyəti nəzərə almadan verdiyi şərhlər və açıqlamalarla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə qarşı çıxır, başqa sözlə, təxribatla məşğul olur.
Mehdi Sübhani jurnalistlərə deyib: “İran tərəfinin mövqeyi budur ki, Ermənistanla Azərbaycan arasında sərhədin bu şəkildə demarkasiyası Ermənistan və Gürcüstan arasındakı hökumətlərarası marşruta (Veskpar kəndi yaxınlığındakı hissə, İran yüklərinin də keçdiyi hissə) təsir göstərə bilər”.
Aprelin 20-dən Ermənistan Azərbaycanın işğal altında saxladığı 4 kəndini geri qaytarır. Aşağı Əskipara kəndi yaxınlığından Ermənistan-Gürcüstan avtomobil magistralı da keçir. Səfir bu yolun Azərbaycana aid olduğunu bilsə də, deyib: “Bizə verilən məlumata görə, beynəlxalq avtomobil yolu hissəsi Azərbaycan Respublikası ilə delimitasiya sazişlərinə daxil deyil”.
Ermənistan-Gürcüstan yolu kimi tanınan ərazi ilə bağlı rəsmi Bakı hər hansı sazişin bağlanmasına münasibət bildirməyib. Belə olan halda səfir ictimaiyyətə yalan məlumat verməklə iğtişaş üçün şərait yaradır.
Mehdi Sübhani Qarabağı könüllü tərk edən erməni sakinlərin də “cəfakeşi” rolunu oynamağa çalışıb. O deyib ki, “Dağlıq Qarabağ sakinlərinin hüquqları qorunmalı və nəzərə alınmalıdır”. Onun bu açıqlaması “qaşınmayan yerdən qan çıxarmağa” daha çox oxşayır.
Sübhaninin son açıqlamasından belə çıxır ki, Parislə Tehran Azərbaycana qarşı tezisləri birgə hazırlayır. Bu azmış kimi, Sübhani erməni sakinləri “Qarabağ xalqı” kimi təqdim edir. Səfirin çıxışı İran hakimiyyətinin rəsmi mövqeyidir. Bu baxımdan, Sübhaninin açıqlaması ölkənin ali rəhbərinin mövqeyi kimi də qəbul olunur. Odur ki, Sübhani çıxış və açıqlamaları ilə İranın Azərbaycan-Ermənistan münasibətlərinə mane olduğunu isbatlayır.
Torpaqlar işğal altında olanda İslam Respublikasının tanınmış hərbi-siyasi xadimlərindən biri, keçmiş vitse-prezident, İqtisadi Əlaqələndirmə Şurasının katibliyinin əməkdaşı Möhsün Rezai də Qarabağla bağlı Ermənistanın, erməni lobbisi və havadarlarının arzu-istəklərini dilə gətirmiş, bildirmişdi ki, “Dağlıq Qarabağa muxtariyyət verilməlidir”.
İran rəsmiləri belə anti-Azərbaycan çıxışlarla Cənubi Qafqazda Ermənistan vasitəsi ilə özlərinə yer eləmək istəyirlər. Ancaq Tehran nümayəndələrinin belə çıxış və davranışları regionda təhlükəsizliyi, əməkdaşlığı təhdid edir. Bu kimi qıcıqlandırıcı çıxışlar İranın Cənubi Qafqazda sıxışdırılmasına əsas və təkan verir. Odur ki, Sübhani kimi diplomatlar və rəsmilər Azərbaycanla münasibətlərin bərpasına çalışmaqdan, mövcud problemləri aradan qaldırmaqdansa, özlərini hələ də xülyadan ayılmayan erməni lobbisi kimi aparırlar.