İrəvan ilə Moskva arasında “buzlar” əridimi? – TƏHLİL
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya bu dəfəki səfəri fərqli bir şəraitdə baş tutub. Səfərin Ermənistanda üzdə keşiş Baqrat Qalstyanın liderliyi ilə keçirilən etiraz aksiyası, baş nazirin Rusiya Prezidenti Vladimir Putinin inauqurasiyasına getməməsi, Azərbaycanla sərhədin delimitasiya və demarkasiya prosesinin davam etməsi, habelə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşü ərəfəsində reallaşamsı, ABŞ, Avropa İttifaqının (Aİ) rəsmi İrəvanla təmasları intensivləşdirməsi və digər məqamlar bu ziyarətə marağı artırıb.
Doğrudanmı, Ermənistanla Rusiya arasında əlaqələr kəsilib? 2018-ci ildən indiyədək baş nazir Nikol Paşinyan müsahibə və açıqlamalarında bir çox hallarda açıq şəkildə vurğulamasa da, Rusiyaya qarşı fikirlər səsləndirir.
Üç həftəyə yaxındır Ermənistanda Tavuş vilayətinin baş keşişi Qalstyanın təşkilatçılığı ilə sərhədlərin müəyyənləşməsinə qarşı “etiraz” aksiyaları keçirilir. Paşinyan mayın 7-də, Moskvaya Avrasiya İqtisadi İttifaqının toplatısında iştirak etmək üçün yola düşməzdən bir gün əvvəl, Prezident Vladimir Putinin andiçmə günü keçirdiyi mətbuat konfransında Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənliyi sıfır səviyyəsinə endirlməsindən danışıb. O eyni zamanda, Rusiyanın bu aksiyaların təşkilində oynadığı rola toxunaraq Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın xarici kəşfiyyat orqanlarına işlədiyini vurğulayıb.
Baş nazir həmçinin İslah-Əmək müəssisəsinin keçmiş rəisi, uzun müddət Rusiyada yaşayan, özünün də “narkobaron” adlandırdığı Miqran Poqosyandan alət olaraq istifadə edildiyini bildirib. Onun sözlərinə görə, hazırkı aksiyalar xarici xüsusi xidmət orqanlarının əməlidir: “Bunun onların ssenarisi olduğu açıq-aşkardır”.
Başqa sözlə, Paşinyan Ermənistandakı “etiraz” yürüşünü üstüörtülü şəkildə Rusiyaya bağlayaraq Moskvaya səfər edib.
Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının ölkədən çıxarılması, Ermənistanın İran və Türkiyə ilə dövlət sərhədlərinin mühafizəsinin RF sərhədçilərindən yerli hərbçilərə ötürülməsi kimi məsələlər də rəsmi İrəvanın Moskvaya qarşı iddiaları sırasındadır. Düzdür, Paşinyan hökuməti İrəvanda “Zvartnots” Beynəlxalq Hava Limanında da rusiyalı sərhədçilərin çıxmasını istəyir.
Ancaq bu tələblərin heç biri yerinə yetirilməyib.
Mayın 8-də keçirilən görüşdən sonra yayılan açıqlamaya əsasən, İran və Türkiyə sərhədi istisna olmaqla, Rusiya öz sərhədçilərini Ermənistandan çıxaracaq. “Zvartnots”dakı rusiyalı sərhədçilərin sayı onsuz da az olub. Məlumatlara görə, Azərbaycanla sərhəddə də onların sayı çox deyildi. Başqa sözlə, Ermənistanla Azərbaycan arasında sərhədyanı ərazilərə Daxili İşlər Nazirliyinin sərhədçiləri nəzarət edirdi. Bildirilir ki, İrəvanla Moskva arasında Ararat, Vayots Dzor, Qeqarkunik, Sünik və Tavuş vilayətlərində, həmçinin “Zvartnots” Hava Limanında yerləşdirilən rus sərhədçilərinin çıxarılmasına dair mayın 8-də razılıq əldə olunub.
Xatırladaq ki, bu il martın 12-də Nikol Paşinyan rus sərhədçilərinin avqustun 1-dək “Zvartnots” Hava Limanında fəaliyyətini dayandıracağını bildirmişdi. O qeyd etmişdi ki, bu barədə Rusiya tərəfinə rəsmi məktubla məlumat və möhlət verilib.
Putinin inauqurasiyasına Paşinyanın getməməsinə gəlincə, baş nazir bu mərasimə dəvət almadığını iddia etmişdi.
Belə görünür, Rusiya və Ermənistanın bir-birinə münasibətdə atdığı addımlarda praktiki dəyişiklik çox deyil.
Bu isə Paşinaynın dediyi kimi, “xarici xüsusi xidməti orqanının ssenarisinin icrası”nın davam etdiyini söyləməyə əsas verir.
O baxımdan, məlum hadisələr baxımından səfərin nəticəsini belə yekunlaşdırmaq olar:
-bu ziyarət tərəflərin bir-birinə qarşı ritorikasını dəyişməyib;
– Paşinyana qarşı etiraz aksiyasının səngiməsinə təsir etməyib;
– əldə edilən razılaşmaların mövcud münasibətlərin yaxşılaşmasına ciddi təsiri olmayıb;
-Ermənistan hökuməti Qərbə inteqrasiya kursunu davam etdirməkdən geri çəkilməyib;
– bu səfər və Paşinyanın Putinlə görüşü hər iki tərəf üçün “gözdən pərdə asmaq” mahiyyəti daşıyıb və s.
Belə ehtimal etmək olar ki, Rusiya ilə Ermənistan arasında “söz savaşı” hələ davam edəcək. Çünki Moskvanın patronluq etdiyi MDB, KTMT, Avrasiya İqtisadi İttifaqı kimi təşkilatlarla bağları birdəfəlik qoparmağa İrəvanın cəsarəti çatmır, gücü, qüvvəsi yoxdur, dəstəyi və yardımı zəifdir. Ona görə də Ermənistan hökuməti indiki şəraitdə Rusiyanın azsaylı sərhədçilərinin ölkəni tərk etməsini özünün uğuru saya bilər.
Beləliklə, Paşinyanın Moskvaya səfəri ikitərəfli münasibətlərdə heç nəyi dəyişməyib. Rəsmi İrəvan öz mövqeyindədir. Qarşı tərəf isə təmkinli tövrünə sadiq qalaraq, Paşinyana keşişlərin və sabiqlərin aksiyası ilə cavab verir.