“Iron Maiden” Rusiyada konsertlər verməyəcək
Britaniyalı “Iron Maiden” rok qrupu Moskva və Sankt-Peterburqda çıxış edəcəyi “Legacy Of The Beast” adlı turunu koronavirus pandemiyası ilə əlaqədar olaraq ləğv edib.
Rakus.az xəbər verir ki, bu barədə qastrol səfərlərinin təşkilatçısı olan T.C.I. şirkətinin mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, musiqiçilərin iyunun 30-da “Buz sarayı” (Sankt-Peterburq), iyulun 2-də isə “VTB Arena” (Moskva) konsert zallarında çıxışı gözlənilirdi.
“Dünyada COVID-19 epidemiyası ilə əlaqədar yaranmış vəziyyətlə əlaqədar bir çox tədbirlərin keçirilməsində məhdudiyyətlər qoyulduğuna görə “Iron Maiden” Moskva və Sankt-Peterburqda verəcəyi konsertləri ləğv edir. Vəziyyətin planlarımıza təsir etməsi bizi məyus edir, ancaq musiqiçilərin və tamaşaçıların sağlamlığı hər şeydən önəmlidir. Dünyada vəziyyət dəyişən kimi “Iron Maiden” yenidən Rusiyaya qayıdacaq” – deyə təşkilatçı bildirib.
Xatırladaq ki, 1975-ci ildə yaradılan “Iron Maiden” qrupu Britaniyanın ən öndə gedən hevi-metal cərəyanının nümayəndələrindən biridir. Qrupun yaradıcısı, əksər mahnıların müəllifi və qrupun daimi lideri bas qitaraçı Stiv Harrisdir. “Iron Maiden” dünyada 100 milyondan çox albom nüsxələri satışının müəllifidir. Beynəlxalq nailiyyəti sayəsində qrup 2002-ci ildə “Ivor Novello Awards”, 2005-ci ildə isə musiqiçilər Los Angelesdəki “Hollywood RockWalk”da əl izlərinin həkk etdirilməsinə dəvət edilib.