İSMAYILLI: Zərnava bələdiyyəsi işi ilə tanınır - FOTO
Son zamanlar İsmayıllı rayonuna axın edən turistlər İsmayıllı -Lahıc yolunun təxminən 24-cü kilometrliyində Girdiman çayı üzərində quraşdırılmış “Asma körpü” ilə daha çox maraqlanır və ondan isifadə etməyə çalışırlar. Məlumat üçün xatırladaq ki, 1997-ci ildə kənd sakinləri tərəfindən quraşdırılmış körpü nəzarətsiz qaldığına görə hər il təhlükəli vəziyyətə düşürdü. Kənd bələdiyyəsindən verilən məlumata görə, sakinlər tərəfindən dəfələrlə təmir olunsa da körpü turistlərin kortəbii istifadəsi ucbatından 2014-cü ildə demək olar ki, nəinki yararsız vəziyyətə düşdü, hətta bir il istifsdəsiz vəziyyətdə qaldı. Bu vaxtlar isə körpü heç kəsi maraqlandırmırdı. Səbəb kimi bu əmlakın heç bir təşkilatın balansında olmadığı deyildi.
Beləliklə də 2015 –ci ildə Zərnava kəndində seçilmiş yeni bələdiyyə sədri ilkin olaraq kənd sakinlərinin qarlı-yağışlı günlərdə dadına çatmış bu körpü ilə maraqlandı. Demək olar ki, elə birinci işi də bu oldu. Bildirildi ki, aidiyyatı orqanlara müraciət edildikdən sonra körpü bələdiyyənin balansına götürülərək əsaslı təmir olundu. Özü də sakinlərin maddi və fiziki köməkliyi ilə. Beləliklə də körpünün əvvəlki vəziyyətə düşməməsi üçün bələdiyyə tərəfindən tam nəzarət yaradıldı və şəhid ailəsinin üzvü texniki işçi kimi işlə təmin olundu.
Körpüdən turistlərin istifadə zamanı vəsait ödənilməsi isə tam qanuna uyğundur.
Qeyd olundu ki, turistlər körpüdən yay aylarında istifadə etsələr də, körünün qorunması il boyu davam edir. Ona görə ki, yağışlı günlərdə kəndə gedən yol Girdiman çayından keçdiyinə görə avtomobillərin belə vaxtlarda çaydan keçməsi mümkünsüz olur. 114 yaşayış evi olan bu kəndin gediş-gəlişi bu körpüdən asılı qalır. Ona görə də körpünün və yolların təmirinə daha çox yaz, payız, qış aylarında ehtiyac duyulur. Beləliklə il boyu bu işə görə təxminən 3000 manat əmək haqqı verilir.
Bələdiyyə büdcəsinin kiçik olması bu xidmətçidən başqa daha bir nəfərin də əmək haqqı almasına imkan vermədiyinə görə Bələdiyyə nizamnaməsinin 13-cü müddəasına əsasən bəzən turistlərdən ianə vergisi alınır. Əlbəttə ianədən söhbət gedirsə bu könüllüdür. Yəni hər nəfər üçün 20 – 50 qəpik vəsait alına bilər. Yerli sakinlər istisna olmaqla. Əslində məqsəd vəsait toplamaq deyil, körpünün qorunmasıdır.
Bir ildə ( may- avqust aylarında) körpüdən bələdiyyə büdcəsinə təxminən 5000 manat vəsait daxil olur. Həmin vəsaitlə 2015-ci ildən 2019-cu ilə kimi sakinlərin rifah halının yaxşılaşılaşdırılması üçün aşağıdakı işlər görülmüşdür.
1.2015- ci ildə “Asma körpünün əsaslı təmir edilib, Zərnava kənd tam orta məktəbi su ilə təmin olunub.
2.2016 –cı ildə Zərnava kəndində üç otaqlı inzibati bina tikilərək istifadəyə verilmişdir. Birinci otaq tibb məntəqəsinin, ikinci otaq bələdiyyənin, üçüncü otaq isə icra nümayəndəliyinin istifadəsinə verilib. Aşağı Zərnava kənd ümumi orta məktəb binasında yerləşən 17 saylı Seçki məntəqəsinin otağı təmir edilib.
3. 2017-ci ildə Aşağı Zərnava kəndində su probleminin aradan qaldırmaq məqsədilə su ambarı yenidən təmir olunub, suartezan quyusu təmizlənib və 4 su nasosu alınaraq sakinlərin sərəncamına verilib.
4.2018-ci ildə Zərnava kənd və kəndarası yolların, körpü və Sərdahar kənd ümumi orta məktəbin sinif otaqları təmir edilib.
5.2019-cu ildə Zərnava kəndində güclü yağan yağışlar zamanı ziyan çəkmiş kənd sakinlərinin problemləri aradan qaldırılıb və qəbirsanlıq yolu bərpa olunub.
Bununla yanaşı Müşkəmir kəndinin yolları düzəldilib, Sərdahar kəndində qəbirsanlıq ərazisində talvarın tikilib. Aşağı Zərnava kəndinin yolları asvalt örtüklə təmir edilib. Aşağı Zərnava kənd ümumi orta məktəbinin zalı qaydasına salınıb.
Bu illər ərzində bələdiyyənin büdcəsi daxilində şəhid və imkansız ailələrə maddi yardım göstərilib, Qurban və Ramazan bayramları qeyd olunub.