İsmət Abasov Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Azərbaycan Baş nazirinin sabiq müavini, keçmiş kənd təsərrüfatı naziri İsmət Abasov Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Rakus.az xəbər verir ki, President.az saytında dərc olunan məktubda deyilir:
“Möhtərəm Prezident!
Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra müasir müstəqil Azərbaycanın təməli qoyuldu, iqtisadiyyatımızın bütün sahələrində canlanma başladı, “Əsrin müqaviləsi” imzalandı və insanlar əmin-amanlıq içində yaşamağa başladılar.
2003-cü ildə Sizin Prezident seçilməyinizdən sonra Azərbaycanın bütün sahələrində yeni inkişaf mərhələsi başladı və bu proses bu gün də davam edir.
Mən özümü çox xoşbəxt sayıram ki, Sizin mənə göstərdiyiniz etimad nəticəsində rəhbərlik etdiyiniz komandada nazir və Baş nazirin müavini vəzifələrində çalışmış, 2014-cü ildə isə Zati-alinizin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşəm.
Bu gün Azərbaycan xalqı böyük şərəf və qürur hissi ilə bütöv Azərbaycan torpaqlarında fəxrlə yaşayırlar!
Möhtərəm Prezident, qürur hissi ilə Sizə bir daha öz dərin təşəkkürümü bildirirəm ki, təqaüddə olduğum dövrdə Zati-aliniz tərəfindən növbəti dəfə Ali Dövlət mükafatı – 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundum. Bu əvəzolunmaz hissləri mənə yaşatdığınız üçün bir daha Sizə öz dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram.
Allah hər zaman Sizin köməyiniz olsun!
Dərin hörmət və ehtiramla,
İsmət Abasov
Azərbaycan Respublikası, Bakı şəhəri”.
Xatırladaq ki, mayın 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə İsmət Dursun oğlu Abasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.