İspaniyada Samirənin “Kleopatra”sını çox bəyənirlər
İspaniyanın Los Replicantes portalında “Eurovision-2020” müsabiqəsində Azərbaycanı təmsil edəcək Samirə Əfəndinin “Kleopatra” mahnısı ilə bağlı məqalə dərc olunub.
Rakus.az xəbər verir ki, məqalədə qeyd edilir ki, müsabiqədə etnik mahnı ilə çıxış edəcək yeganə ölkə Azərbaycandır. Azərbaycan bu mahnı müsabiqəsinə ilk dəfə 2008-ci ildə qatılıb və artıq 2011-ci ildə Düsseldorfda Ell & Nikki dueti ilə qələbə qazanıb.
Bakı sakini Samirə Əfəndi “Eurovision-2020”-də Allan Roy Skot, Sara Leyk və Lük van Birsin (Niderland) bəstələdikləri “Kleopatra” mahnısı ilə çıxış edəcək. Gurultulu üslub üzərində qurulmuş bu ifa etnik və elektron səslərin qarışığını ifadə edir.
“Kleopatra” 180 saniyə ərzində elektron musiqisinə xas olan müvafiq intervallarla səslərin klassik Azərbaycan musiqisi ilə sintezini yarada bilib, mahnını ərəb və ya yəhudi melodiyasına oxşar nəqəratla bitirməyə müvəffəq olub. Məqalənin müəllifi əminliklə qeyd edir ki, “mahnı valeh də edə bilər, qorxudar da, amma sizi biganə qoymaz”.