İtkin çilçıraqların ağılı nağılı
Biri vardı, biri yoxdu, Xaçmaz adlı bir şəhərdə bu yerlərin qüruru olan dəmiryol vağzalı vardı. Vardı deyəndə ki, indi də var. Əslində elə həmişə olub. Çünki 120 yaşlı Xaçmaz dəmiryol vağzalı hələ çar Rusiyası dövründə – 1887-1902-ci illərdə salınan Vladiqafqaz dəmir yolu xətti üzərindəki önəmli məntəqələrdən biri kimi zamanında çox böyük diqqət və səliqə ilə inşa edilib. Onunla eyni vaxtda stansiyada su qülləsi, yük anbarları və digər yardımçı tikililər də ərsəyə gətirilib. Və ümumiyyətlə, bütün Cənubi Qafqazda ilk dəmiryol vağzalı olan xüsusi memarlıq üslubuna malik bu unikal bina Xaçmazın şəhərsalma pioneridir, yəni istər vağzal tipli stansiya və istərsə də Xaşmaz şəhəri onun ətrafında formalaşaraq hazırda böyük bir rayona çevrilib…
Rayonun tarixi memarlıq abidələri içərisində öz məxsusi mövqeyi olan, yerli əhəmiyyətli memarlıq abidəsi kimi Mədəniyyət nazirliyi tərəfindən qorunan bu vağzal binası hazırda əvvəlki qələbəliyini itirsə də əzəmətini və cəlbediciliyini qoruyub saxlaya bilib. Düzdür, zaman-zaman insanlar buna mane olurlar. Misal üçün, bir neçə il əvvəl təmir adı ilə vağzalın özü-özlüyündə gözəl xarratlıq əsəri olan qoruyucu konstruksiyalı qədim taxta pəncərələri sökülərək müasir texnologiyalı bəsit pəncərələrlə əvəzlənib. Halbuki bir qədər zəhmətə qatlaşıb qədim pəncərələrin ağac analoqlarını yaratmaq olardı.
Lakin bu memarlıq əsərinə ən böyük zərbə indi yox, düz 19 il əvvəl vurulub. Həmin qaranlıq əhvalata işıq salmaq üçün oxucunu təqribən 20 il əvvələ səyahətə dəvət etməliyik…
O vaxt Xaçmaz dəmiryol vağzalının rəisi Arif Qasımov adlı bir zat idi. Çoxdan, gərək ki, ötən əsrin 80-ci illərindən bu vəzifədə işləyən Arif Qasımov bədəncə uca boylu və arıq, xasiyyətcə isə quru və zabitəli adamdı. Üzü heç vaxt gülməzdi və işçiləri ondan çox çəkinərdilər. Onun rəisliyi dövründə vağzalın ərazisində yanmış kibrit çöpü görənə hətta mükafat da vermək olardı – əgər belə bir şanslı sərnişin tapılardısa…
Arif Qasımovun ad-soyadından başqa həm də ləqəbi vardı. Üzdən bir qədər məşhur çinli marşala oxşadığı, çox vaxt əyninə ağovuş pencək-şalvar geyindiyi və bir də ehtimal ki, sərt məcazlı oduğu üçün onu arxasınca “Çan Kayşi” adlandırırdılar.
Bir neçə onillik ərzində vağzala rəislik etmiş, özü də bu ərazidə, demək olar ki, elə vağzalda, daha doğrusu, vağzala çox yaxın birmərtəbəli dəmiryol evlərində yaşayan “Çan Kayşi” iki əsrin qovuşuğunda, vaxtilə hər daşı Quba dağlarından gətirilərək yonulmuş, az qala övladı qədər sevdiyi vağzal binasının 100 illiyini təntənəli surətdə bayram etmək sevdasına düşür. Arzusunu rayon İcra Hakimiyyətinin ovaxtkı başçısına bildirir. Başçı da tənbəl adam deyildi, əksinə, zirək, çox zirək şəxs imici qazanmışdı deyin, ərinmədi və Arif Qasımova qoşulub yüzillik gözəlin tamaşasına gəldi. Vağzal həqiqətən çox gözəl idi! Xüsusən də onun ziqiymət çilçıraqları. Bunların ikisi gözləmə zalında yolçuların yoluna işıq salır, ikisi isə üzbəüzdəki, xaçmazlıların adına “Pervıy klas” dedikləri dəmiryol restoranının müştərilərinin gözlərini qamaşdırırdı…
Başçı hər yeri gəzdi, baxdıqca baxdı, vağzalın başına bir neçə dəfə dolandı və nəhayət son qərarını verdi: “Bəli, yubileyi keçirmək olar, amma əvvəlcə buralar əməlli-başlı təmir edilməli, qaydaya salınmalıdır ki, qonaqların yanında xəcalətli qalmayaq”. Zahirən sərt, amma yuxa ürəkli “Çan Kayşi” riqqətə gəldi. Bu qayğısına görə başçıya dönə-dönə minnətdarlıq elədi.
Tezliklə qızğın təmir işləri başladı. Vağzal vağzal olalı belə təmtəraqlı qayğı, bunca nazik diqqət görməmişdi: biri onun üz-gözünü-fasadını tumarlayır, telinə-damına sığal çəkir, başqaları isə qapı-pəncərələrini yuyub-təmizləyir, rəngləyirdilər. Qədim vağzal da bu qayğı-əndişədən sanki cavanlaşır və haqlı olaraq özünü dünyanın ən gözəl vağzalı hesab edirdi…
Xülasə, təmir işləri sovet müxbirləri demiş, tam sürətlə, plana uyğun davam edirdi. Və elə bu templə də başa çatdı. Qocaman vağzalın bir əsrlik ad günü təntənələri isə Xaçmaz Xaçmaz olandan burada keçirilmiş ən möhtəşəm, ən çal-çağırlı “rojdenni” oldu. Həmin gün vağzalın sevincdən gözləri yaşardı, amma xoşbəxtlikdən bunu heç kim görmədi. Yoxsa çox xaçmazlı, xüsusən də indi tarix olmuş vağzalyanı “Şeytanbazar” ətrafında yaşayanlar da dözməz, göz yaşlarını yarandığı gündən bir çox şəhər sakininin çörək ağacına çevrilmiş bu gözəlin göz yaşlarına qatardılar…
Bütün bayramlar nə vaxtsa qurtarır. Xaçmaz dəmiryol vağzalının da “rojdenni” təntənələri bitdi. İştirakçılar hərəsi öz işinin-gücünün dalınca getdi. O gündən neçə cansıxıcı günlər keçdi. Və sükutu yalnız təkəm-seyrək gələn qatarların fiti ilə pozulan belə günlərdən birində gözəllər gözəli vağzalın sinəsindən-tavanından asılmış, ucaboy adam hündürlüyündə olan, uşaqların heyrətlə, böyüklərin heyranlıqla, qonqların həsədlə tamaşa etdikləri iki cüt nəhəng çilçıraq… yoxa çıxdı!
Vağzal az gözlədi, çox gözlədi, ancaq elə onun özü ilə yaşıd olan çilçıraqlar geri qaytarılmadı. Simaca çinliyə oxşayan ləzgi “Çan Kayşi”nin işçiləri həmin çilçıraqların yerinə ucuz “kitayski” lüstürlar asanda isə vağzal başa düşdü ki, bir əsr onun sinəsinin yaraşığı olmuş çoxgiləli gözəlləri bir daha görməyəcək. O yenə ağladı. Bu dəfə sevincdən deyil, qəhərdən, əlacsızlıqdan ağlayırdı. Axı necə ağlamayaydı. Lakin yenə onun göz yaşlarını görən olmadı.
Bu əhvalatdan neçə il sonra Bakıdakı baş dəmiryol idarəsinin dəhlizində bir ötkəm jurnalist onun qarşısını kəsib qədim çilçıraqların aqibətini soruşanda “Çan Kayşi”-Arif Qasımov səsinə gümrahlıq qataraq demişdi: “Çilçıraqlar öz yerində asılıb, narahat olmayın”. Yalan danışmışdı! Bəlkə də yalan danışmamışdı. Axı o, bir xalqın sərvəti olan çilçıraqların öz yerində asıldığını söyləmişdi. Yəqin ki, yeni yerini nəzərdə tutmuşdu. Onun bu cavabını dəqiqləşdirmək isə hələlik mümkün görünmür. Çünki zabitəli vağzal rəisi çoxdan torpaq üzərində deyil, yəni yenə sovet jurnalistləri demiş, dünyasını dəyişib…
Vağzal isə hələ də gözləyir. İntizarla gözləyir. Yəqin ki, çox gözləyəcək. Onun buna səbri də çatar, ömrü də. Axı nə az, nə çox – düz 120 yaşı var. Bütün uzunömürlü oğrulardan daha uzun yaşayacağını bilən “vekovoy” vağzal üçün 19 il nədir ki!
Onun öz ehtişamlı çilçıraqlarına qovuşmaq ümidini artıran bir sanballı amil də mövcuddur: Bütün ölkədə olduğu kimi Xaçmazın da polis-silisi, prokuroru-vəkili var. Və onlar da 19 il əsla fərq etmədikləri nəsnəni gözəl günlərin birində fərq edib görəcəklər ki, ey vayvela, bəs gözəlimiz, fəxrimiz çilçıraqlar hara yox olub görəsən? Başlayacaqlar axtarmağa Mütləq də tapacaqlar. Axı dövlət baba onları həmişə qayğı-diqqətlə əhatələyib, qocalanda da ömürlük yüksək təqaüd kəsir. Bunun müqabilində lap əntiq olsun, lap nəhəng olsun, lap qədim olsun, dörd ədəd çilçıraq nədir ki, heç olmasa 19 ildən sonra da tapılmasın? Məni güldürməyin, axı bu, bizim polislərin əlində nə çətin işdir ki, müşkülə dönsün. Tapacaqlar. Mütləq tapacaqlar!
Və bir şəhərin gözü olan vağzalın da göz yaşları nəhayət ki, quruyacaq…
Şövkət Səlimov Budad,
Tədqiqatçı jurnalist