Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfərləri başladı
Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün növbəti səfər Cəbrayıl və Qubadlı rayonlarına təşkil olunub.
Rakus.az xəbər verir ki, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, tədbir iştirakçıları əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirəcəklər:
“Sonra isə erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutacaq. Səfərin məqsədi işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafızə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxışdır”.
İ.İbrahimova əlavə edib ki, səfər zamanı Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə farel balıqlarının çaya buraxılması da baş tutacaq:
“Bununla biz ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarının tədricən aradan qaldırılmasına nail olmaq niyyətindəyik”.